"CBC Sport" Türkiyə Super Liqasının oyunlarını Azərbaycanda canlı yayımlaya bilməyəcək

"CBC Sport" Türkiyə Super Liqasının oyunlarını Azərbaycanda canlı yayımlaya bilməyəcək Bununla bağlı telekanal açıqlama yayıb
Futbol
18 Oktyabr , 2017 14:35
CBC Sport Türkiyə Super Liqasının oyunlarını Azərbaycanda canlı yayımlaya bilməyəcək

Bakı. 18 oktyabr. REPORT.AZ/ "CBC Sport" telekanalı futbol üzrə Türkiyə Super Liqasının oyunlarını Azərbaycanda canlı yayımlaya bilməyəcək. 

"Report" xəbər verir ki, bununla bağlı telekanalın yaydığı açıqlamada bildirilir ki, Türkiyə Super Liqasının matçlarının rəsmi yayım hüququna malik “DigiTürk” şirkətinin birtərəfli istəyinə əsasən, “CBC Sport” ilə bu qurum arasında müqaviləyə xitam verilib: “Belə olan halda biz heç cür vədimizə əməl edə bilmirik və Türkiyə Super Liqasının oyunları bizim kanalda yayımlanmayacaq. “DigiTürk”dən olan tərəfdaşlarımızın müqavilə bağlayıb, sonra isə onu birtərəfli qaydada ləğv etməsi həm bizə, həm də müqavilənin bağlanmasında vasitəçi “Saran Holding” şirkəti əməkdaşlarına müəmma olaraq qalır”.

Telekanal müqaviləyə xitam verilməsi ilə bağlı öz ehtimallarını da irəli sürüb: "Super Liqa oyunlarının ilk dəfə ölkə xaricində açıq yayımda olan telekanal tərəfindən göstəriləcəyi xəbəri ertəsi gün Türkiyədə geniş müzakirələrə səbəb olub. İlk 24 saat ərzində “CBC Sport” telekanalını Türkiyə ərazisində izləmək üçün lazım olan peyk avadanlıqları, hətta illərlə anbarlarda yığılıb qalan texniki mallar belə sürətlə alınıb. Amma tələb o dərəcədə böyük olub ki, hətta bütün bunlar da Türkiyədə texniki vasitələrə yaranan tələbatı tam ödəməyib. Türkiyə mediasını və müxtəlif forumları monitorinq etdikdə “niyə Türkiyədə yerli çempionatın oyunlarını izləmək üçün futbolsevərlər pul verməli, Azərbaycanda isə oyunlar pulsuz nümayiş etdirilməlidir” kimi etiraz dolu çoxsaylı fikirlərə rast gəldik. Bu iki məqam arasında paralel aparanda belə düşünmək olar ki, məhz bu cür nüansların üzə çıxması nəticəsində “DigiTürk”də çalışan tərəfdaşlarımız müqaviləni ləğv etmək kimi radikal addım atıblar. Bir daha bildirmək istəyirik ki, bu məsələyə bizim şəxsi baxışımızdır və bütün bunları, sadəcə, ehtimal edirik. Problemin müsbət həlli üçün əlimizdən gələni etdik, təəssüf ki, etdiklərimiz yetərli olmadı. Haqlı irad və etirazlarınızı anlayışla qarşılayır, qəbul edirik. Vədimizə əməl edə, Türkiyə Super Liqasının oyunlarını yayımlaya bilmədiyimizə görə bir daha üzrxahlıq edirik”.

Qeyd edək ki, “CBC Sport” müqaviləyə əsasən, hər tur iki oyun canlı yayımlamalı idi.

Son xəbərlər

Orphus sistemi