Bu gün futbol üzrə Azərbaycan millisi ilin son oyununu keçirəcək

Bu gün futbol üzrə Azərbaycan millisi ilin son oyununu keçirəcək Rəqib Moldova yığmasıdır
Futbol
17 Noyabr , 2015 09:51
Bu gün futbol üzrə Azərbaycan millisi ilin son oyununu keçirəcək

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan milli komandası ilin son oyununa çıxacaq. "Report"un məlumatına görə, yoldaşlıq görüşündəki rəqib Moldova yığması olacaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlanacaq. Oyunu Laşa Silaqavanın başçılığı ilə gürcüstanlı hakimlər briqadası idarə edəcək.

Bu matça Azərbaycan millisi ciddi itkilərlə çıxacaq. Kapitan Rəşad Sadıqov və AVRO-2016-nın seçmə mərhələsində 3 qolla yığmanın bombardiri olmuş Dmitri Nazarov zədə səbəbindən oynamayacaq.

Yoldaşlıq görüşü hər iki komanda üçün FİFA reytinqində yüksəlmə baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan millisi 293 xalla 115-ci, Moldova isə 177 xalla 154-cü pillədə qərarlaşıb.

Digər tərəfdən, Bakı Olimpiya Stadionu ikinci futbol matçına ev sahibliyi edəcək. Daha öncə bu arenada oktyabrın 10-da AVRO-2016-nın seçmə qrup mərhələsinin Azərbaycan - İtaliya oyunu keçirilib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.

Qeyd edək ki, bu, Azərbaycan və Moldova milliləri arasında 9-cu qarşılaşma olacaq. Əvvəllər iki komanda DÇ-2002-nin seçmə oyunlarında 2, yoldaşlıq görüşlərində isə 6 dəfə üz-üzə gəlib. Yoldaşlıq görüşlərində cəmi 1 dəfə qalib gələn bugünkü meydan sahibləri 1-i rəsmi matçda olmaqla, 3 dəfə uduzub, 4 oyunda isə qalib müəyyənləşməyib. Azərbaycan millisi 3 top fərqi ilə qalib gəlsə, həm qələbə, həm də top fərqində bərabərliyi təmin edəcək. 

Yoldaşlıq görüşü

17 noyabr

21:00. Azərbaycan - Moldova

Baş hakim: Laşa Silaqava

Baş hakimin köməkçiləri: Zaza Pipiya, David Çiqoqidze (hamısı Gürcüstan)

Dördüncü hakim: Rauf Cabbarov (Azərbaycan)

Son xəbərlər

Orphus sistemi