Futbol üzrə Türkiyə Super Liqasında "Fənərbağça" və "Qalatasaray" komandaları arasında mövsümün son derbisi XXVIII tura təsadüf edəcək.
"Report"un məlumatına görə, bu gün əzəli rəqiblər 389-cu dəfə üz-üzə gələcəklər.
110 illik rəqabət 17 yanvar 1909-cu ildə "aslanlar"ın 2:0 hesablı qələbə qazandığı qarşılaşma ilə başlayıb. İndiyədək keçirilmiş 388 görüşün 146-da "Fənər", 123-də "Cim-Bom" qalib gəlib, 119 matçda heç-heçə qeydə alınıb. Topların nisbəti belədir - 534:484.
Çempionatda isə bu iki komanda 123 dəfə qarşılaşıb. "Fənər" qələbə sayında üstündür - 50:33. 40 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbəti 156:118-dir.
İki komanda arasındakı son 10 matçın yarısında qalib müəyyənləşməyib, qalan 5 görüşün 3-də "Fənər", 2-də "Cim-Bom" qələbə qazanıb. "Sarı-lacivərdlilər" öz meydanında 20 ildir "sarı-qırmızılar"a uduzmur.
Amma hazırkı vəziyyət tam fərqlidir. 27 oyundan 55 xala malik "Qalatasaray" 2-ci pillədə qərarlaşıb. Ötən gün lider "Başakşehir"in "Beşiktaş"a 1:2 hesablı məğlubiyyətindən sonra "sarı-qırmızılar"ın ilk pillə ilə xal fərqini 3-ə endirmək şansı yaranıb. "Fənərbağça" isə 27 oyundan 32 xalla 13-cüdür və Super Liqada qalmaq uğrunda mübarizə aparır.
Türkiyə Super Liqası, XXVII tur
20:00. "Fənərbağça" - "Qalatasaray"
"Ülker" ("Şükrü Saracoğlu") stadionu
Baş hakim: Ali Palabıyık.