Yuxarı

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq

Barselona Arsenalı, Bavariya isə Yuventusu qəbul edəcək

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

İspaniyada "Barselona" İngiltərənin "Arsenal" klubunu qəbul edəcək. "Kamp Nou"da ev sahibləri üstün tərəf olaraq meydana çıxacaq. Buna səbəb ilk görüşdə kataloniyalıların 2:0 hesabı ilə qələbə qazanmasıdır. "Barselona"nın heyətində Rafinya, Cerard Pike və Sandro Ramires, "Arsenal"da isə Petr Çex, Ramsey, Santi Kazorla, Aleks Oksleyd-Çemberlen, Tomas Rosiçki, Cek Vilşer və Kalum Çeymbers zədəlidir. "Topçular" mərhələ adlamaq üçün ən azından qol buraxmamaq şərti ilə rəqib qapısından 3 top keçirməlidir.

Digər görüş isə Almaniyada baş tutacaq. "Bavariya" İtaliyanın "Yuventus" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşmada meydan sahiblərini qolsuz və ya minimal hesablı heç-heçə də qane edir. Turindəki ilk oyun 2:2 hesabı ilə başa çatdığından "Yuventus" mərhələ adlamaq üçün ya böyük hesablı (ən azı 3:3) heç-heçə etməli, ya da qələbə qazanmalıdır. Əks təqdirdə qitənin ən nüfuzlu turnirindən kənarda qalacaq. "Bavariya" Boatenq və Badstuber, "Yuventus" isə Martin Kaseres, Klaudio Markizio, Paulo Dibala və Kellinin xidmətindən yararlana bilməyəcək.

Çempionlar Liqası, 1/8 final, cavab görüşləri

23:45. "Barselona" (İspaniya) - "Arsenal" (İngiltərə)

Baş hakim: Sergey Karasev (Rusiya)

Barselona. "Kamp Nou"

İlk oyun: 2:0

23:45. "Bavariya" (Almaniya) - "Yuventus" (İtaliya)

Baş hakim: Yunas Eriksson (İsveç)

Münhen. "Allians Arena"

İlk oyun: 2:2

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi