Bu gün Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək "Səbail" "Kəpəz"i, "Zirə" "İnter"i sınağa çəkəcək
Futbol
23 Sentyabr , 2017 10:09
Bu gün Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək
Report / Firi Salim

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək. 

"Report"un məlumatına görə, qarşılaşmalar Bakının Mərdəkan və Zirə qəsəbələrində baş tutacaq.

Əvvəlcə debütant "Səbail" autsayder "Kəpəz"i qəbul edəcək. Gəncə təmsilçisi qalib gəlsə, xallarını 4-ə çatdıracaq və 3 xalla 6-cı pillədə qərarlaşmış "Səbail"i də üstələyəcək. Şahin Diniyevin baş məşqçi olduğu kollektiv həm də ilk qələbəyə imza atacaq. Ehtiyatda bir oyunu qalan Samir Abasovun komandası isə xal qazansa belə, mövqeyini dəyişməyəcək, yalnız 5-ci pillədəki "Sumqayıt"la xal fərqini minimuma endirəcək. Onu da qeyd edək ki, iki komanda ilk dəfə üz-üzə gələcək.

Bu görüşün ardından "Zirə" "İnter"i sınağa çəkəcək. Meydan sahibləri yalnız qələbə qazanacağı təqdirdə, xallarını 16-ya çatdıraraq liderliyi geri qaytaracaq. 7 xala malik "İnter" isə 4-cü pillədə möhkəmlənmək üçün yalnız qələbə qazanmalıdır. İndiyədək iki komanda 8 dəfə üz-üzə gəlib. Bunların birində "Zirə", birində "İnter" qalib gəlibsə, 6 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbəti də bərabərdir - 6:6. Son 4 oyunda eyni – 1:1 hesablı heç-heçə qeydə alınıb. “İnter” 6 matçdır meydanı qolsuz tərk etmir. Komandalardan heç biri indiyədək səfərdə qalib gəlməyib. Beləliklə, bu gün "Zirə" "quru" hesabla qələbə qazansa, "bankirlər"in seriyası qırılacaq, qələbə və top fərqindəki tarazlıq pozulacaq.

Azərbaycan Premyer Liqası, VI tur

23 sentyabr

17:30. "Səbail” - “Kəpəz”

Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Fazil Mürşüdov

“Dalğa Arena”

20:00. “Zirə” – “İnter”

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Zamiq Hüseynov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Zirə İdman Kompleksinin stadionu

Son xəbərlər

Orphus sistemi