Yuxarı

​Bu gün Azərbaycan Premyer Liqasında 2016/17 mövsümünə yekun vurulacaq

Sonuncu - XXXVI turun bütün oyunları eyni gündə keçiriləcək

Bakı. 20 may. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünə yekun vurulacaq.

"Report"un məlumatına görə, sonuncu - XXXVI turun bütün oyunları eyni gündə keçiriləcək.

"Rəvan" və "Xəzər Lənkəran" komandaları Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq. Bakı təmsilçisi 17 xalla 9-cu, "ağ-yaşıllar" isə 14 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Lənkəran klubu qalib gələcəyi təqdirdə ən yaxın qonşusu ilə xallarını bərabərləşdirəcək. Bu halda şəxsi oyunlara əsasən çempionatı tərk edəcək komanda "Rəvan" olacaq. Bəhmən Həsənovun rəhbərlik etdiyi komandanı isə qələbədən əlavə 1 xal da qane edir. Oyun "Rəvan"ın qələbəsi və ya bərabərliklə başa çatarsa, yeni mövsümü I Divizionda keçirəcək komanda "Xəzər Lənkəran" olacaq. Komandalar bugünədək 13 dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların 3-də "Rəvan", 4-də isə "Xəzər Lənkəran" qələbəyə sevinib. Qalan 6 oyunda heç-heçə qeydə alınıb. Cari mövsümdəki oyunlara gəlincə, bakılılar bu mövsüm "Xəzər Lənkəran"ı qəbul edə bilməyib.

Bürünc medal uğrunda mübarizədə "İnter" doğma azarkeşlər önündə gümüş medalı təmin etmiş "Zirə" klubunu qəbul edəcək. Komandaların bu günədək keçirdiyi 3 oyunun 2-si heç-heçə başa çatıb. Bir oyunda isə "Zirə" qalib gəlib. "İnter" məğlub olacağı təqdirdə bürünc medallardan əlini üzmüş olacaq. Zaur Svanadzenin rəhbərlik etdiyi komanda mövsümü titulla başa vurmaq üçün mütləq qələbə qazanmalıdır. Belə olan halda "bankirlər" Gəncədə baş tutacaq "Kəpəz" - "Qəbələ" oyununun nəticəsini də gözləməlidirlər. Hər üç komandanın aktivində 56 xal var.

Gəncə şəhər stadionunda keçiriləcək bu matçı hər iki komanda üçün ölüm-dirim savaşı adlandırmaq olar. "Qəbələ" mövsümün son oyununda 3 xal qazanacağı təqdirdə bürünc medallara sahib çıxacaq. "Qırmızı-qaralar"la yanaşı "İnter" də qələbə qazanarsa, şəxsi oyunlara görə üstünlük Qəbələ təmsilçisinin tərəfində olacaq. Şahin Diniyevin komandası isə Avropa Liqasına medalla yollanmaq üçün ilk olaraq "Qəbələ" səddini keçməli, daha sonra "İnter"in xal itirməsinə ümid etməlidir.

36 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan "Sumqayıt" paytaxtın "Neftçi" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Komandalar bu günədək 15 dəfə qarşılaşıb. "Neftçi" 10, "Sumqayıt" isə 3 qələbə qazanıb. 2 oyunda bərabərlik qeydə alınıb. Aktivində 49 xal olan "Neftçi" Avropa Liqasına vəsiqə qazanmaq üçün bu görüşdən ən azı bir xalla ayrılaraq mövsümü 6-cı pillədə başa vurmalıdır. Belə olan halda komanda Azərbaycan Kubokunun final görüşünün nəticəsindən asılı olmayaraq Avroliqaya vəsiqəni təmin etmiş olacaq. "Ağ-qaralar" səfərdə məğlub olarsa, o zaman komanda "Qarabağ" - AZAL oyununda ikincilərin xal itirməsini gözləməlidir. "Ağ-qaralar" məğlub olarsa, Avrokuboklarda iştirak etmək üçün yalnız ölkə kubokunun finalında "Qarabağ" səddini keçməlidir.

AZAL-la qarşılaşma 32-ci turda çempionluğu təmin etmiş "Qarabağ" üçün heç bir əhəmiyyət daşımasa da "təyyarəçilər" yalnız qələbəyə çalışmalıdır. Xal itkisi Tərlan Əhmədovun rəhbərlik etdiyi komandanı Avrokuboklardan kənarda qoyacaq. Lakin qələbədə AZAL-ın beynəlxalq arenada iştirak etməsi demək deyil. Şüvəlan təmsilçisi 3 xal qazandıqdan sonra, "Sumqayıt"ın öz meydanında "Neftçi"ni məğlub etməsini gözləməlidir.

Oyunlardan sonra qaliblərin mükafatlandırma mərasimi keçiriləcək. Eyni gündə "Qarabağ"ın qızıl və "Zirə"nin gümüş medalları təqdim olunacaq. "Zirə" "İnter Arena"dakı oyundan sonra medalları almaq üçün "Azərsun Arena"ya yollanacaq. "İnter" mövsümü 3-cü pillədə başa vurarsa, bürünc medallar da həmin gün veriləcək. Bu pilləyə "Kəpəz" və ya "Qəbələ" komandalarından biri sahib çıxarsa, o zaman bürünc medalların verilməsi başqa günə təyin olunacaq.

Azərbaycan Premyer Liqası, XXXVI tur

17:00. "Rəvan" – "Xəzər Lənkəran"

Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Elgün Adıgözəlli, Elvin Əsgərov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Məhəmməd Məmmədov

Bakı. "Bayıl Arena"

17:00. "Kəpəz" – "Qəbələ"

Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Füzuli Nəcəfov

Gəncə. Gəncə şəhər stadionu

17:00. "İnter" – "Zirə"

Hakimlər: Fariz Yusifov, Elman Musayev, Knyaz Əmiraslanov, Fərid Məmmədov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Gülağa Cabarov

Bakı. "İnter Arena"

19:00. "Sumqayıt" – "Neftçi"

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Xaqani Məmmədov

Sumqayıt. "Kapital Bank Arena"

19:00. "Qarabağ" – AZAL

Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Məlik Həsənov

Bakı. "Azersun Arena"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi