Yuxarı

Beyl və Modriç Uels - Xorvatiya oyununda zədələniblər

Beyl və Modriç Uels - Xorvatiya oyununda zədələniblər

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Uels – Xorvatiya oyununda İspaniyanın “Real Madrid” klubunun iki futbolçusu zədələnib.

“Report” xəbər verir ki, Kardiffdə 1:1 hesabı ilə başa çatan matçda meydan sahiblərinin kapitanı Qaret Beyl və qonaqların heyətində eyni statusa malik Luka Modriç xəsarət alıblar.

Modriç uelslilərin hücumunun qarşısını almaq üçün Harri Uilsona qarşı kobud oynayıb. O, rəqibə xəsarət yetirməklə yanaşı özü də zədələnib. Görüşün 90-cı dəqiqəsində Milan Badellə əvəzlənən 34 yaşlı yarımmüdafiəçinin meydanı tərk edərkən sağ ayağını yerə basa bilməməsi diqqət çəkib.

Beyl isə oyunun sonlarında axsasa da, əvəzlə limiti doluğu üçün sonadək meydanda qalıb.

“Real Madrid” Modriçin AVRO-2020-nin seçmə mərhələsinin oyunları üçün Xorvatiya yığmasının düşərgəsinə yollanmasını istəmirdi. Madridlilər Xorvatiya komandasının sentyabrın 9-da Bakıda Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçə etdiyi görüşdə zədələnən 34 yaşlı yarımmüdafiəçinin tam bərpa olunmasını məqsədəuyğun sayırdılar. İspaniya təmsilçisi Modriçin yığmaya dəvət almasından narazı idi. Klub zədəsini tam sağaltmayan kapitanın təkrar xəsarət almasından ehtiyatlanırdı. Ona görə də Modriçin yığmanın baş məşqçisi Zlatko Daliçdən icazə almasını istəyirdilər. Lakin yekunda kapitan yığmanın düşərgəsində yer almalı oldu.

Qeyd edək ki, dünən E qrupunun digər matçında Macarıstan yığması evdə Azərbaycan millisini 1:0 hesabı ilə məğlub edib. Oyunun baş hakimi Dennis Higler 90+4-cü dəqiqədə Bəhlul Mustafazadənin təmiz qolunu saymayıb. Hollandiyalı referi qarşılaşmadan sonra səhvinə görə üzr istəyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi