Bakı "İnter"inin prezidenti: "Mən məhkəmədən qorxmuram" - MÜSAHİBƏ

Bakı "İnter"inin prezidenti: "Mən məhkəmədən qorxmuram" - MÜSAHİBƏ Rəşad Qasımov: "Bu günə qədər bizim heç kimə borcumuz yoxdur"
Futbol
5 May , 2016 16:45
Bakı İnterinin prezidenti: Mən məhkəmədən qorxmuram - MÜSAHİBƏ

Bakı. 5 may. REPORT.AZ/ Bakının "İnter" Futbol Klubunun prezidenti Rəşad Qasımovun "Report"a müsahibəsi

- "Qarabağ"la Azərbaycan Kubokunun taleyi demək olar ki, ilk oyundakı 0:4 hesablı məğlubiyyətdən sonra həll olunmuşdu. 0:1 hesabı ilə uduzduğunuz cavab görüşü barədə ümumi fikirləriniz necədir?

- Biz kuboka yox, çempionata hazırlaşırıq. "Qarabağ"la cavab oyununda əsas heyətin bir neçə futbolçusu iştirak etmədi. Heyətdə əsasən cavan futbolçular yer almışdı və kifayət qədər keyfiyyətli oyun göstərdik. Təəssüf ki, qol vura bilmədik. Amma kifayət qədər epizodlarımız oldu.

- Sanki UEFA-nın "İnter" barəsində verdiyi qərardan sonra komandada heç bir motivasiya yoxdur...

- Xeyr, mən elə deməzdim. Ola bilər ki, kənardan belə görünür. Motivasiya var.

- Nəticə bunu deyir. İlk oyunda da 0:4 hesablı məğlubiyyət...

- Kuboku bir kənara qoyaq. Biz "Qarabağ"a uduzmuşuq. "Rəvan"a uduzmamışıq ki...

- Amma "Qarabağ" demək olar ki, ikinci heyətlə oynayırdı. Hətta elə futbolçular vardı ki, onlar əvəzedici heyətdə çıxış edənlərdir...

- Elə bizdə də ikinci heyət idi. Komandada onlar yer almışdı və bizdə də əsas oyunçular yox idi.

- "Qarabağ" məlum idi, bəs "İnter" niyə ikinci heyətlə meydana çıxdı?

- Çünki biz çempionata hazırlaşırıq. Qarşıda "Rəvan"la çətin oyunumuz var. Məgər "Qarabağ"a böyük hesabla məğlub olduqdan sonra qələbə qazanmaq mümkün idi? 

- Qeyd etdiniz ki, "Qarabağ"a uduzmuşuq, "Rəvan"a yox. "Rəvan" belə zəifdir?

- Azərbaycan çempionatında zəif komanda yoxdur. Üstəlik, "Xəzər Lənkəran" və "Rəvan" eyni xalla 9-10-cu pillədədirlər. Onlar mübarizə aparacaqlar ki, 9-cu pillədə qərarlaşsınlar. Təbii ki, bu futboldur və o demək deyil ki, çıxıb rahat oynayacaqsan.

- "İnter" çempionatda nəticə qazansa belə, avrokuboklarda iştirak etməyəcək. Qarşıdakı planlar necədir və komandada köklü islahatlar gözlənilir?

- Heç bir köklü islahat olmayacaq. Bu cür islahatı o zaman edirlər ki, nəticə qane etməsin. Hələ qarşıda 4 tur var. Bu müddətdə biz 3-cü yerdə də, 5-ci yerdə də ola bilərik.

- Belə bir məlumat var ki, "İnter" yayda bütün legioner futbolçularla yollarını ayıracaq...

- Onsuz da bizim komandada az sayda legioner qalıb. Yəqin ki, baxacağıq.

- Baş məşqçi Zaur Svanadzenin komandadan ayrılacağı gözlənilir?

- Xeyr, qətiyyən. Yəni gözlənir deyəndə, fors-major ola bilər. Sabah biz də işə gələ bilmərik. Hələ müqavilə müddətinin bitməsinə bir il var.

- Yəni baş məşqçi komandada qalacaq...

- Bəli.

- Klub əməkdaşlarının sizi məhkəməyə vermə məsələsi nə yerdə qaldı?

- Mən bu barədə bir dəfə demişdim. Heç bir əməkdaşımız məni məhkəməyə verməyib.

- Ancaq əməkdaşlarınızdan biri hüquqlarının pozulduğu üçün məhkəməyə müraciət edəcəyini deyib...

- Xeyr, heç bir müraciət olmayıb. Mən məhkəmədən qorxmuram. Çünki heç bir qanunsuz iş görməmişik. İxtisara salınanlar da tam qanunidir.

- Səlahət Ağayev də pulunu tam şəkildə tələb edir...

- Kim deyir onu? Mənim xəbərim yoxdur. Belədirsə, o zaman kimdən tələb edir? Bu günə qədər bizim heç kimə borcumuz yoxdur. Mən tam qəti şəkildə deyə bilərəm ki, "İnter"in insan faktoru ilə bağlı heç bir borcu yoxdur. Üstəlik, klubda qalan əməkdaşların məzuniyyət haqları da dünən ödənilib.

- CAS-da nə vaxt şikayətinizə baxılacaq?

- Səhv etmirəmsə, bizim müraciətimizdən sonrakı 20 gün müddətində UEFA CAS-a qərarını bildirməli və bundan sonra məhkəmənin vaxtı bilinməlidir.

- Şanslar necədir?

- Şanslar 50:50-yədir. CAS-ın qərarından asılıdır.

- Vəkilinizə etibarınız var? İnanırsınız ki, işi müsbətə doğru həll edəcək?

- Təbii ki, inanmasaydıq, biz bu işi ona həvalə etməzdik. Karyerası ilə də maraqlanmışıq. 2009-cu ildən CAS-da 7-8 işi müsbətə doğru idarə edib.

Son xəbərlər

Orphus sistemi