Yuxarı

Azərbaycan derbisi: İki qol, iki qırmızı vərəqə - REPORTAJ

​Azərbycan derbisi: İki qol, iki "qırmızı" vərəqə

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

"Report" xəbər verir ki, həftənin son oyununda lider "Neftçi" "Qarabağ"ın qonağı olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş 1:1 hesabı ilə başa çatıb.

Matç erkən qolla başlayıb. Dani Kintana 6-cı dəqiqədə "Qarabağ"ı önə çıxarıb. Ağdamlılar hesabı açdıqdan sonra da hücumlarını davam etdiriblər və 22-ci dəqiqədə 2-ci dəfə fərqlənməyə yaxın olublar. Lakin Mahir Mədətovun zərbəsini Ömər Buludov qapı xəttindən çıxarıb. Bunun müqabilində, qonaqlar 30-cu dəqiqədə hesabı bərabərləşdiriblər. Künc zərbəsindən sonra Mamadu Mbodj başla topu tora yollayıb.

Komandalar ikinci hissəyə də qarşılıqlı hücumlarla başlayıblar. Nisbətən üstün görünən meydan sahibləri 50-ci dəqiqədə yenidən önə çıxmağa yaxın olublar. Gəl ki, Dani Kintananın cərimə zərbəsindən vurduğu top azacıq yandan keçib.

Bir qədər sonra "Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədliyev çıxışda səhvə yol verib. Əvvəlcə Baqali Dabo, qayıdan topda isə "Neftçi"nin yeni transferi Vengelis Platellas şansı boşa verib. Bir qədər sonra isə Emin Mahmudov əlverişli vəziyyətdə "çərçivə"ni düzgün nişan almamaqla qonaq komandanın azarkeşlərini məyus edib.

Qarşılaşmanın 70-ci dəqiqəsində "Neftçi" azlıqda qalıb. Anton Krivotsyuk ikinci sarı vərəqə ilə meydandan qovulub. Bundan 4 dəqiqə sonra Mahir Mədətovun ideal ötürməsini Filip Ozobiç qola çevirə bilməyib. O, 7 metr məsafədən topu yana vurub.

Matçın sonlarına doğru "Qarabağ" təzyiqi artırsa da, qələbə topunu vura bilməyib. Əvəzində, Ağdam komandasının heyətində 90+2-ci dəqiqədə Qara Qarayev ikinci "sarı"dan sonra qırmızı vərəqə görüb.

Beləliklə, Azərbaycan derbisi 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu bərabərlikdən sonra lider "Neftçi" xallarını 34-ə çatdırıb. İkinci sıradakı "Qarabağ"ın 31 xalı var.

Qeyd edək ki, ilk oyun günü meydan sahiblərinin məğlubiyyəti ilə əlamətdar olub. "Keşlə" "Səbail"ə üç, "Zirə" isə "Sabah"a iki cavabsız qolla uduzub. Bu gün baş tutan digər qarşılaşmada "Qəbələ" evdə "Sumqayıt"ı tək qolla üstələyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi