Yuxarı
    Bağlamaq

    Azərbaycanlı FİFA menecerləri futbolçu transferi bazarındakı çətinliklərdən danışıblar

    Əvvəlki mövsümlərlə müqayisədə legionerlərin gəlişində ciddi azalma var

    Bakı. 4 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klublar bu gündən qış təlim-məşq toplanışına start verirlər. "Report"un məlumatına görə, elita iştirakçılarından bir neçəsi hazırlıq üçün ölkə xaricini seçsə də, qışı Bakıda keçirəcək komandalar da var. Təbii ki, toplanışla yanaşı, komandaların əsas diqqəti heyətin gücləndirilməsinə yönəlir. Artıq bir neçə klub futbolçu transferi gerçəkləşdirsə də, hələ yenilənmə işlərinə başlamayan komandalar da var. 

    Transferlərdə isə menecerlərin əməyi danılmazdır. İlboyu futbolçu axtarışında olan oyunçuların rəsmi təmsilçiləri bu ərəfələrdə daha çox işləməli olurlar. Kimisi xarici ölkələrə səfər edərək komandaların yoldaşlıq görüşlərini, oyunçularını izləyir, kimisi isə futbolçunu Bakıya gətirməyi və ya Azərbaycandan xaricə çıxarmağı düşünür.

    Azərbaycanlı FİFA menecerlərindən Vaqif Heydərli "Report"a açıqlamasında Türkiyənin Antalya bölgəsinə yollanacağını, komandaların yoldaşlıq görüşlərini izləyəcəyini bildirib: "Təbii ki, hər il olduğu kimi bu dəfə də Türkiyəyə gedəcəyəm. Orada komandaların oyunlarını izləyəcəyəm. Ancaq bu, o demək deyil ki, oyunçu transfer edəcəyəm. Mən hər il komandaların toplanışına yollanıram, izləyirəm. Azərbaycandan xaricə çıxarmaq istədiyimiz oyunçular var. Ancaq bu, ən yaxşı halda mövsümün sonunda - yayda gerçəkləşə bilər. Azərbaycanda çıxış edəcəyi gözlənilən legionerlərin sayı isə azdır. Yəni, təxminən 2-3 əcnəbi futbolçu Azərbaycana gəlmək istəyir. Əvvəlki mövsümlərlə müqayisədə legionerlərin gəlişində ciddi azalma var. Bir neçə əcnəbi menecerlə işləyirəm. Ancaq futbolçunun özü ilə birbaşa işləmək daha rahat olur. Əvvəllər belə hallar olurdu və bəzi problemlərlə üzləşirdik. Ancaq indi işlədiyim 1-2 menecer var ki, etibar etmək olar".

    V.Heydərlinin həmkarı Erkin İbrahimov da böyük ehtimalla Antalyaya komandaları izləməyə gedəcəyini bildirib. O, qış transfer pəncərəsində Bakıda qalmaqdansa, xaricə üz tutmağı üstün sayır: "Çox güman ki, gedəcəyəm. Burada oturmaqdansa, gedib orada işləmək, yeni dostlarla tanış olmaq daha yaxşıdır. Komandaları, futbolçuları izləyirsən. Qazaxıstan klubları orada olacaq. "Оkjetpes" klubu ilə işləyirəm. Gedib Türkiyədə də onların rəhbərliyi ilə görüşəcəyəm. Xaricə getmək istəyən oyunçularım var. Onlar bunu bacarar. Demək olar ki, Premyer Liqa komandalarının əsas heyətində oynayırlar. Burada da oynayıb artıra bilərlər. Elə futbolçular var. Finlandiya, Latviya klubları ilə danışıqlar aparılır. Keçən il Mirabdulla Abbasov və Orxan Qurbanlını göndərmişdim. Çexiyada da komandalarla danışıqlar aparmışam. Çalışıram ki, ölkədən kənara futbolçu çıxarım. Üstəlik, limit məsələsi problem olur. Heç bir klub gənc futbolçunu buraxmaq istəmir. Xaricdən gələn futbolçularla da münasibətlər var. Son illərlə müqayisədə legioner futbolçu gətirmək asanlaşıb. Çünki Azərbaycanı daha yaxşı tanıyır, əlavə suallar vermirlər. Bu baxımdan asandır. Ancaq maliyyə, Premyer Liqada klubların azalması ilə əlaqədar çətinliklər olur. "Bakı", "Xəzər Lənkəran" kimi komandalar yoxdur. Əvvəl verilən pullar da indi verilmir".

    Tural Əskərov isə həmkarlarından fərqli olaraq, Azərbaycan komandalarının yoxlama oyunlarını izləmək üçün Antalyaya üz tutmayacağını deyib. Ancaq o da digərləri kimi Premyer Liqada çıxış edən komandaların vəziyyəti ilə bağlı transferlərin çətinləşdiyini söyləyib: "Düzü, işlə bağlı olarsa, hansısa transfer və ya danışıq məqsədilə Antalyaya gedə bilərəm. Amma sadəcə oyuna baxmaq üçün yox. Mənimlə əlaqəsi olan futbolçuların hazırda ölkədən kənarda çıxış etmə perspektivi yoxdur. Ümumiyyətlə, Azərbaycanda elə futbolçu çox azdır. Çünki bizdə çox pul alırlar və xaricə getmək istəmirlər. Xaricdən gəlmək istəyən futbolçular var, amma yerli klubların maliyyə durumları yaxşı olmadığından, onlara elə də tələbat yoxdur. "Qarabağ" və "Qəbələ"də bu imkan olsa da, onlar hələlik yerli bazarla işləyirlər. Bir çox ölkələrdə əlaqələrimiz var. Xaricdə əlaqən olmasa, mümkün deyil. Elə olur ki, futbolçu ilə birbaşa əlaqən olur. Amma tanımadığın insan üçün çətin olur. Son illərlə müqayisədə pul dövriyyəsi kəskin aşağı düşüb. Aparıcı klublarda normal maaş olur. Məsələn, əvvəllər "Rəvan" 70-80 min verirdi, amma indi "Neftçi" bu puldan bir az artığını verir. "İnter"ə transfer qadağası qoyulub. Ümumi transfer bazarını nəzərə alsaq, alıcılıq kəskin dərəcədə aşağı düşüb". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi