Azərbaycanın veteran futbolçusu İrandakı uğursuzluğun səbəblərini açıqlayıb

Azərbaycanın veteran futbolçusu İrandakı uğursuzluğun səbəblərini açıqlayıb "5 futbolçu ilə qaldığımızdan, Almaniya ilə oyunda meydana çıxmadıq"
Futbol
23 Fevral , 2016 17:29
Azərbaycanın veteran futbolçusu İrandakı uğursuzluğun səbəblərini açıqlayıb

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanın veteran futbolçuları və bir neçə şou-biznes nümayəndəsinin İrandakı beynəlxalq turnirdə hər 3 oyunu məğlubiyyətlə başa vurmasına zədələr səbəb olub. Bu barədə "Report"a veteran futbolçu Arif Əsədov məlumat verib.

Onun sözlərinə görə, komanda fevralın 14-də qonşu ölkəyə yollanıb: "Mənə Oqtay Abdullayev və Vəli Qasımov təklif edəndə razılaşdım. Dedilər ki, ayın 13-də gedəcəyik. Ancaq həmin günə qədər heç bir xəbər çıxmadı. Axşam zəng elədilər ki, turnir ayın 14-ü start götürəcək və bir həftə davam edəcək. Ancaq hansı heyətlə gedəcəyimizi bilmirdim. Sonra bildim ki, siyahıda Hüseyn Məhəmmədov, Mahmud Qurbanov və başqalarının da adı var".

A.Əsədov ardıcıl 3 məğlubiyyətin ardından sonuncu oyuna çıxmalarına da aydınlıq gətirib: "Qaydalara əsasən, hər bir komanda meydanda 7 nəfərlə mübarizə aparmalı və onlardan 4-ü futbol veteranı olmalı idi. Biz isə İranda 9 nəfər idik. Bəziləri müəyyən səbəbdən gələ bilmədi. Dedilər ki, 16-17 fevralda iki oyun keçirməliyik. Bizim qrupda Yunanıstan, İsveç, Rumıniya və Almaniya komandaları vardı. İlk oyunda İsveçə 2:3 hesabı ilə məğlub olduq. Üstünlük bizim tərəfdə idi, amma Ramiz Məmmədov və mən zədələndim. Axşam Yunanıstana qarşı oynadıq. Bu dəfə Ramiz Məmmədov zədəyə görə meydana çıxa bilmədi. Mən də zədəli halda oynadım. Yenə eyni hesabla uduzduq. Səhəri gün Rumıniyaya 1:4 hesabı ilə yenildik. Bu oyuna cəmi 7 nəfərlə çıxdıq və nəticədə məğlub olduq. Üstəlik, mən də iynə-dərmanla çıxmışdım. Axşamkı oyuna cəmi 5 nəfər qalmışdı. Bu səbəbdən də sonuncu - Almaniya ilə görüşə çıxa bilmədik".

A.Əsədov bildirib ki, onlardan fərqli olaraq digər komandalar turnirə daha böyük heyətlə gəlib: "Bizə zədə də problem yaratdı. Rumınlar səhv etmirəmsə, 18-20 nəfərlik heyətlə gəlmişdilər. Həmçinin də digər komandalar".

Son xəbərlər

Orphus sistemi