Azərbaycan millisinin bir neçə futbolçusu yayda Avropa klublarına keçəcək

Azərbaycan millisinin bir neçə futbolçusu yayda Avropa klublarına keçəcək "Özünüz də buna şahid olacaqsınız"
Futbol
21 Fevral , 2017 13:21
Azərbaycan millisinin bir neçə futbolçusu yayda Avropa klublarına keçəcək

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan milli komandasının bir neçə futbolçusu yayda Avropa klublarına transfer olunacaq. 

Bu barədə "Report"a AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru Riad Rəfiyev məlumat verib.

R.Rəfiyev bildirib ki, hazırda bu istiqamətdə işlər davam etdirilir: "Mövsümün sonunda hazırda yerli klublarda çıxış edən oyunçulardan bir neçəsi Avropaya üz tutacaq. Lakin indi ad çəkmək istəmirik. Yay fasiləsində özünüz də buna şahid olacaqsınız".

Baş koordinator hazırda qitənin müxtəlif klublarında çıxış edən azərbaycanlı futbolçuların durumlarına da aydınlıq gətirib. Federasiya rəsmisi bildirib ki, hücumçu Ramil Şeydayev öz istəyi ilə Slovakiyanın "Jilina" klubuna keçib. Lakin onun müqavilə ilə məxsus olduğu Türkiyə "Trabzonspor"undan 1,5 illik icarəyə verilməsi AFFA-nın xətti ilə gerçəkləşib: "Şeydayev Rusiyanın "Dinamo" (Moskva) və "Arsenal" (Tula), həmçinin Çexiyanın "Slovan" (Liberets) klublarından təkliflər almışdı. Lakin o, "Jilina"nı seçdi. Çünki həmin klub hazırda Slovakiya çempionatının lideridir. Hücum futbolu sərgiləyən və çox qol vuran komandadır. Ramilin həmin klubda özünü doğrultma ehtimalı daha çoxdur. Sadəcə, yeni transfer olunduğu üçün ötən tur "Senitsa" ilə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib".

Riad Rəfiyev

Hazırda Portuqaliya "Boavişta"sının formasını geyinən Azərbaycan yığmasının üzvləri - qapıçı Kamran Ağayevlə yarımmüdafiəçi Emin Mahmudovun ötən tur "Farense" ilə görüşdə iştirak etməmələri barədə danışan R.Rəfiyev onların fərqli səbəbdən meydana çıxa bilmədiklərini açıqlayıb: "Mahmudov zədəlidir. Bərpa olunması üçün təxminən 10 gün lazımdır. Ağayevə gəlincə, təəssüf ki, əsas heyətdəki yerini itirib. Onun "Boavişta"da qalıb-qalmayacağı barədə indidən dəqiq bir söz deyə bilmərəm".

Türkiyənin "Bursaspor" klubunun əsas komandadan kənarlaşdırdığı Deniz Yılmazla bağlı məsələyə gəldikdə, baş koordinator yığma məşqçilərinin futbolçunun özü ilə əlaqə saxladıqlarını diqqətə çatdırıb. Onun sözlərinə görə, mətbuat məsələni bir qədər şişirdib: "Düşünürəm ki, məsələ o qədər də ciddi deyil. Problem tezliklə həllini tapacaq və Yılmaz yenidən əsas komandaya qaytarılacaq". 

2016-cı ilin fevralında "Neftçi"dən ayrılaraq, Sloveniyanın "Domjale" klubu ilə 3 illik müqavilə bağlayan Samir Məsimovun da durumuna aydınlıq gətirən baş koordinator bildirib ki, onun özünə yeni klub tapması daha doğru qərar olardı: "Məsimov Qazaxıstan "Okjetpes" klubuna AFFA-nın xətti ilə getməmişdi. Şəxsi əlaqələri ilə ora baxışa yollanmışdı. Açığı, onun hazırkı durumundan xəbərsizəm. Məsimova Azərbaycandan da təkliflər vardı. Yerli klublarımıza kömək edə biləcək futbolçudur. Lakin nədənsə, gəlmək istəmədi. Gözləyirdim ki, özü "Domjale"dən gedər. Çünki orada oynamır".

Son xəbərlər

Orphus sistemi