Yuxarı

Azərbaycanda ilk dəfə keçiriləcək MMA döyüşlərinə xarici ölkələr də qatılacaq

Şəhriyar Abbasov: Bu cür yarışlarda iştirak çox önəmlidir

Bakı. 29 yanvar. REPORT.AZ/ Yanvarın 30-da start götürəcək MMA (Mixed Martial Arts - qarışıq döyüş sənəti) üzrə "Azerbaijan Fighting Championship" seriya yarışlarından öncə mətbuat konfransı keçirilib. "Report"un məlumatına görə, tədbirdə Dünya MMA Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, "Azerbaijan Fight Club"un prezidenti, pankration üzrə dünya çempionu Şəhriyar Abbasov və "Qəbələ" İdman Klubunun döyüş növləri üzrə kordinatoru Səbuhi Qarayev iştirak edib.

Ş.Abbasov yarışda Rusiya, Gürcüstan və Dağıstandan da idmançıların iştirak edəcəyini bildirib: "MMA-nın Azərbaycanda inkişaf etdirilməsi nəzərədə tutulub. Bu proses tək Bakı, Sumqayıtda yox, bölgələrdə də planlaşdırılıb. Məqsəd idmançıların böyük arenalara yolunu açmaqdır. Bu cür yarışlarda iştirak etmək çox önəmlidir. Bu yarışlar birbaşa onların reytinqlərinə təsir edəcək. Belədə həmin idmançılar dünya və Avropa birinciliyi, eləcə də digər beynəlxalq yarışlarda iştirak edə bilərlər. Qarşıda bizi 7-8 turnir gözləyir. Düşündük ki, çempionluq kəməri üçün yarış olsun. Bu kəmər uğrunda ən azı 5 döyüş keçirilməlidir. 57 kq, 62 kq, 66 kq, 70 kq, 77 kq, 80 kq və 84 kq çəki dərəcələri olacaq".

İdmançının sözlərinə görə, tanınmış MMA döyüşçülərindən Əhəd Məmmədov və Bəxtiyar Abbasov zədəli olduğu üçün yarışda iştirak etməyəcək: "Hər iki idmançının reytinqləri yaxşıdır. Nəriman Abbasov, Elyar İbrahimov, Vüqar Məmmədzadə, Səbuhi Quliyev döyüşəcək. Rusiyada bu döyüş güclü inkişaf edib. Moskvadan Ümumrusiya Azərbaycan Konqresinin komandası olan "Marsey" klubu iştirak edir. Komandaya azərbaycanlı məşqçi Əhməd Rüstəmov başçılıq edir. Gələn turnirlərdə Ukrayna, Belarus, Qazaxıstan idmançıları da ola bilər".

Səbuhi Qarayev isə təmsil etdiyi klubun həm olimpiya, həm də qeyri-olimpiya idman növlərinə dəstək verdiklərini deyib: "Bu, nəinki Qəbələdə, eləcə də digər rayonlarda həyata keçiriləcək".

Daha sonra idmançıların çəkiölçmə mərasimi keçirilib.

Qeyd edək ki, ilk yarış yanvarın 30-da Bakıdakı “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq. Turnir “Azerbaijan Fight Club” döyüş klubunun təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyi, “Qəbələ” İdman Klubu və Beynəlxalq MMA GEFC liqasının dəstəyi ilə keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi