Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə namizədlər müəyyənləşib Məşqçilər Komitəsi AFFA-nın baş katibi ilə görüşdən öncə bir araya gələcək
Futbol
13 Dekabr , 2014 16:51
Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə namizədlər müəyyənləşib

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi postuna yerli namizədlərin siyahısı artıq hazırdır. Bu barədə "Report"a Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib. 

Onun sözlərinə görə, yerli mütəxəssislərin namizədlikləri özlərinin də razılıqları əsasında qeydə alınıb. Siyahı dekabrın 16-da keçiriləcək görüşdə AFFA-nın baş katibi Elxan Məmmədova təqdim olunacaq. Bundan bir gün öncə isə komitədaxili iclas olacaq. İclasda Məşqçilər Komitəsinin 5-ci üzvü və yığmaya yerli namizədlərin siyahısı müzakirə olunacaq. 

Hazırda yığmanın baş məşqçisi postuna namizədlər arasında Nazim Süleymanov favorit göstərilir. N.Süleymanov "Report"a açıqlamasında belə bir təklif aldığını təsdiqləyib. 49 yaşlı mütəxəssis bildirib ki, ona Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov telefon açaraq fikrini öyrənib. Sabiq futbolçu isə millidə çalışmağı özü üçün şərəf sayıb. Lakin N.Süleymanov baş məşqçi vəzifəsinə yalnız özünün deyil, bir neçə namizədin olduğunu vurğulayıb.

A.Mircavadov isə "Report"a namizədlərin sayının çox olduğunu və milliyə yerli mütəxəssisin təyinatını istədiklərini bildirib. O, siyahının AFFA-nın baş katibi ilə görüşdə açıqlanacağını söyləyib. Təcrübəli mütəxəssis namizədlərin müəyyən meyarlara cavab verməli olduqlarını açıqlayıb. Həmin meyarlara əsasən, əvvəllər də millidə çalışmaq, ən azı 10 il məşqçilik təcrübəsinə malik olmaq lazımdır. 

Məşqçilər Komitəsinin 5-ci üzvü qismində isə Şakir Qəribovun adı hallanır. Amma V.Sadıqov və A.Mircavadov vakant üzvün də E.Məmmədovla görüşdə açıqlanacağını söyləyib.  

Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət milli komandaya əcnəbi baş məşqçinin də təyinatı mümkündür. Əcnəbilərin namizədliklərini AFFA rəhbərliyi nəzərdən keçirir. 

Son xəbərlər

Orphus sistemi