Yuxarı

​Azərbaycan Premyer Liqasının qalibləri mükafatlandırılıb

Çempion Qarabağ mövsümün sonuncu oyununda İnterə məğlub olub

Bakı. 22 may. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXXV turunun oyunları keçirilib.

"Report"un məlumatına görə, qarşılaşmaların 3-ü paytaxt Bakıda, 1-i isə Sumqayıtda baş tutub.

Sumqayıtın eyni adlı komandası "Xəzər Lənkəran"ı sınağa çəkib. Cari mövsümü iddiasız başa vuracaq komandaların görüşündə 2:0 hesablı nəticə qeydə alınıb.

Bu görüşlə eyni saatda paytaxtın iki klubu üz-üzə gəlib. Yeni mövsümü I Divizionda keçirəcək olan "Bakı" öz meydanında "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma "zolaqlılar" üçün formal xarakter daşısa da, "ağ-qaralar" üçün bürünc medal şansı olub. Görüş 0:0 hesabı ilə nəticələnib.

Növbəti matçda Bakının AZAL və Zaqatalanın "Simurq" klubları qarşılaşıb. 90 dəqiqənin sonunda sevinən tərəf "təyyarəçilər" olub - 5:0

Turun və günün son qarşılaşmasında Premyer Liqanın cari mövsümünün iki medalçısı üz-üzə gəlib. Ötən tur "Bakcell Arena"da "Sumqayıt"ı minimal hesabla məğlub edərək çempionluğu təmin etmiş "Qarabağ" gümüş medalın sahibi Bakı "İnter"i ilə oyundan 1:2 hesabı ilə məğlub ayrılıb.

Matçdan sonra Azərbaycan Premyer Liqasının 2014/2015-ci illər mövsümünün qızıl və gümüş medal sahibləri mükafatlandırılıb. Üçüncü pillənin sahibi rəsmi olaraq dəqiqləşmədiyindən, bürünc medalların sahibi XXXVI turdan sonra məlum olacaq.

Qeyd edək ki, Premyer Liqanın sonuncu - XXXVI turu mayın 28-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi