Azərbaycan Premyer Liqasının oyununda azarkeş sayının 2 dəfə şişirdilməsi ilə bağlı məsələyə aydınlıq gəlib

Azərbaycan Premyer Liqasının oyununda azarkeş sayının 2 dəfə şişirdilməsi ilə bağlı məsələyə aydınlıq gəlib "Necə 2 min deyə bilərəm ki, stadionun tutumu 1300 nəfərlikdir?"
Futbol
11 Aprel , 2017 12:25
Azərbaycan Premyer Liqasının oyununda azarkeş sayının 2 dəfə şişirdilməsi ilə bağlı məsələyə aydınlıq gəlib

Bakı. 11 aprel. REPORT.AZ/ “Oyuna bilet satışı təşkil edilmədiyi üçün azarkeş sayını Zirə İdman Kompleksinin stadionunun direktorundan soruşub, protokola qeyd etmişəm. Mənə 2 min deyilib, 2 min də yazmışam”. Bunu “Report”a Azərbaycan Pemyer Liqasında XXV turun "Zirə” - "İnter” oyununun AFFA nümayəndəsi Ramiz Abdullayev matçın protokolunda azarkeş sayını stadionun tutumundan çox göstərməsinin səbəbini açıqlayarkən deyib.

R.Abdullayev bildirib ki, ona tamaşaçı sayını Zirə İdman Kompleksinin stadionunun direktoru nəzarət-buraxılış məntəqəsindən aldığı məlumat əsasında söyləyib: "Bilet satışı olmadığı hallarda stadionun direktoru sayı nəzarət buraxılış məntəqəsindən soruşur. Mən də ondan aldığm məlumata uyğun olaraq, protokolda 2000 nəfər qeyd etmişəm. Elə bil ki, bir evə qonaq gedirsən. Qabağına yemək qoyurlar. Şəxsən mən nə qoysalar, yeyərəm. Hətta zəhər də... Yəni, mənə nə deyiblərsə, odur. Stadionun tutumundan xəbərim yoxdur”.

Zirə İdman Kompleksinin direktoru Vüsal Məmmədov isə “Report”a açıqlamasında bildirib ki, o, AFFA nümayəndəsinə azarkeş sayı ilə bağlı dəqiq bir söz deməyib. O, səhvin anlaşmazlıqdan qaynaqlandığını qeyd edib: “Ramiz Abdullayev işini bilən adamdır. Onunla ümumi söhbətimiz olsa da, azarkeş sayı ilə bağlı rəqəm deməmişəm. Necə 2 min deyə bilərəm ki, stadionun tutumu 1300 nəfərlikdir? Ola bilər ki, AFFA nümayəndəsi hansısa başqa bir əməkdaşımızdan soruşub, o da səhvən 2 min söyləyib. “Zirə” – “İnter” qarşılaşmasında 1000 nəfərə yaxın adam var idi. Lakin onu da qeyd edim ki, azarkeş sayının 1300 nəfərdən çox olduğu vaxtlar olub. Məsələn, “Qarabağ”la matçda pilləkənlərdə oturanlar, aşağıda dəmir çəpərin arxasından baxanlar vardı. Həmin vaxt 2 min olmasa da, bu saya yaxın idi”.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan “Zirə” – “İnter” görüşünün protokolunda azarkeş sayı 2 min nəfər göstərilib. Halbuki Zirə İdman Kompleksinin stadionunun tutumu 1300 nəfəlikdir. 

Son xəbərlər

Orphus sistemi