Yuxarı

​Azərbaycan Premyer Liqasında XXXIV turun oyunları keçiriləcək

Kəpəz doğma meydanda Neftçini, Qarabağ Əlincə Arenada Qəbələni sınağa çəkəcək

Bakı. 11 may. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun oyunları keçiriləcək. "Report"un məlumatına görə, turun bütün görüşləri yenə eyni günə təyin edilib.

AZAL klubu turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Zirə"ni qonaq edəcək. Qonaq komanda yalnız hazırkı mövqeyini qorumaq üçün meydana çıxacaqsa, "təyyarəçilər" Avropa Liqasına vəsiqə qazanmağa çalışacaq. Bunun üçün Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda doğma meydanda məğlub olmamalı və ən yaxın izləyicisi "Neftçi"dən uzaqlaşmalıdır. Yalnız cari mövsümdə üz-üzə gələn komandaların hər üç duelində meydan sahibi olan tərəf qalib gəlib. "Zirə" hazırda 60 xalla turnir cədvəlində 2-ci, AZAL isə 45 xalla 6-cı pillədə qərarlaşıb.

Bu görüşlə eyni vaxtda Gəncə şəhər stadionunda "Kəpəz" və "Neftçi" komandaları münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşmanı hər iki komanda üçün vacib saymaq olar. Artıq avrokuboklara vəsiqəni təmin etmiş meydan sahibləri qələbə sayəsində mükafatçılar sırasındakı mövqeyini qoruyacaqsa, Bakı klubu 3 xal qazanacağı təqdirdə AZAL - "Zirə" matçının nəticəsindən asılı olaraq bir pillə irəliləyə bilər. Cütlüyün duelində "Kəpəz" son 3 matçda uduzmayıb. "Neftçi" isə 14 ildir səfərdə məğlub olmur. 7 ev matçında qalib gəlməyən Gəncə təmsilçisi sonuncu dəfə 2002-ci ildə qonaqları məğlub edib. Hazırda "Kəpəz" 55 xalla 3-cü, "Neftçi" isə 43 xalla 7-ci pillədədir.

Günün növbəti matçında "İnter" və "Xəzər Lənkəran" komandaları qarşılaşacaq. Cənub təmsilçisi üçün bu matç elitada qalmaq uğrunda mübarizə sayılırsa, "bankirlər" mükafatçılar sırasına düşmək niyyətindədir. Rəqiblərin son 4 matçında qol vuran komanda qalib gəlir. "İnter" son 4 ev oyununda 2 və ya daha çox top fərqi ilə qələbə qazanıb. Rəqib meydanında 7 oyundur qalib gəlməyən "Xəzər Lənkəran" 5 ildir səfərdə 3 xal əldə etmir. "İnter" 53 xalla 5-ci, "Xəzər Lənkəran" 14 xalla 9-cudur.

Premyer Liqada heç bir iddiası olmayan "Sumqayıt" autsayder "Rəvan"ı sınağa çəkəcək. Bu qarşılaşma qonaq komanda üçün sonuncu pillədən qurtulma baxımından böyük əhəmiyyət kəsb edir. "Sumqayıt" isə nəticədən asılı olmayaraq hazırkı mövqeyini qoruyacaq. Cütlüyün duelində son 7 görüşdə meydan sahibi olan komanda qalib gəlməyib. "Sumqayıt" son 6 matçda uduzmayıb.

Turun və günün son oyunu Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"da keçiriləcək. 17 yaşadək futbolçular arasında Avropa çempionatı səbəbindən müvəqqəti olaraq ev oyunlarına "Azərsun Arena"da çıxmayan "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. Digər görüşlərdə olduğu kimi, burada da nəticə meydan sahiblərinin mövqeyində dəyişikliyə səbəb olmayacaq. "Qarabağ" artıq çempionluğu təmin edib və avrokuboklara vəsiqə qazanıb. Cari mövsüm qeyri-stabil oyun nümayiş etdirən "Qəbələ" isə həm digər əyarlı medallar, həm də avrokubok uğrunda mübarizə aparır. Bu səbəbdən, Roman Qriqorçukun rəhbərlik etdiyi komandaya 3 xal hava və su kimi lazımdır. Komanda qələbə sayəsində ən azı hazırkı mövqeyində qalacaq və bu da komandanın mükafatçılar sırasına düşməsə belə, avrokuboklara vəsiqə qazanması deməkdir. İki komanda arasındakı duellərdə "Qarabağ" son 4 oyunda məğlub olmayıb. Qonaq komanda olan tərəf isə 5 matçdır uduzmur. "Qəbələ" 6 görüşdür meydanı qolsuz tərk etmir. Son 4 görüşdə hər iki komanda qol vurub.

Azərbaycan Premyer Liqası, XXXIV tur

16:00. AZAL – "Zirə"

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Məhəmməd Məmmədov

Bakı. "AZAL Arena"

16:00. "Kəpəz" – "Neftçi"

Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Rövşən Əhmədov

Gəncə. Gəncə şəhər stadionu

17:00. "İnter" – "Xəzər Lənkəran"

Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı. "İnter Arena"

18:00. "Sumqayıt" – "Rəvan"

Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, İsgəndər Əliyev, Fərid Məmmədov

AFFA nümayəndəsi: Adil Nadirov

Hakim-inspektor: Füzuli Nəcəfov

Sumqayıt. "Kapital Bank Arena"

19:00. "Qarabağ" – "Qəbələ"

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Şahin Cəfərov

Bakı. "Əlincə Arena (CBC Sport)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi