Yuxarı

Azərbaycan Premyer Liqasında XXX turun daha 2 oyunu keçirilib - VİDEO

Qarabağ səfərdə Neftçini məğlub edib

Bakı. 16 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha 2 oyunu keçirilib. "Report"un məlumatına görə, günün ilk matçı Gəncədə "Kəpəz"lə "İnter" arasında baş tutub.

Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Hesabı 32-ci dəqiqədə meydan sahibləri açıb. Baş hakim Əliyar Ağayevin təyin etdiyi şübhəli penaltidən Tural Axundov yararlanmağı bacarıb. Qonaqların cavabı 56-cı dəqiqədə gəlib. Yuri Fomenko keçmiş komandası "Kəpəz"in baş məşqçisi Şahin Diniyevin oğlu Kərim Diniyevin kobud səhvindən sonra bərabərlik qolunu vurub.

Günün digər qarşılaşmasında "Neftçi" ilə "Qarabağ" üz-üzə gəlib. İlk yarı qolsuz tamamlansa da, fasilədən sonra 3 qol vurulub. Hesabı 56-cı dəqiqədə Dani açıb. 73-cü dəqiqədə Reynaldo Ağdam komandasının ikinci qoluna imza atıb. "Neftçi"nin təsəlli qolu isə 75-ci dəqiqədə Alton Silvanın ayağına yazılıb.

Beləliklə, xallarını 69-a çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Zirə"ni 13 xal geridə qoyaraq, liderliyini davam etdirir. 49 xala malik "İnter" 3-cü, 46 xalı olan "Kəpəz" 4-cüdür. "Neftçi" isə 38 xalla 7-ci pillədə qalıb. 

Azərbaycan Premyer Liqası, XXX tur

13:30. "Kəpəz" – "İnter" - 1:1

Qollar: Tural Axundov, 31-penalti ilə - Yuri Fomenko, 56 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Gəncə. Gəncə şəhər stadionu

16:00. "Neftçi" – "Qarabağ" - 1:2

Qollar: Aylton, 75 - Dani Kintana, 56. Reynaldo, 73

Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Rövşən Əhmədov

Bakı. "Bakcell Arena"

Qeyd edək ki, XXX turun açılış oyununda "Qəbələ" Bakının "Rəvan" klubunu 2:0 hesabı ilə məğlub edib. Tura aprelin 30-da keçiriləcək "Zirə" - "Xəzər Lənkəran" və AZAL - "Sumqayıt" matçları ilə yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi