Azərbaycan Premyer Liqasında 200-cü qol vurulub

Azərbaycan Premyer Liqasında 200-cü qol vurulub Tur başa çatandan sonra bu say 207-yə qədər artıb
Futbol
3 Aprel , 2017 14:02
Azərbaycan Premyer Liqasında 200-cü qol vurulub

Bakı. 3 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün 200-cü qolu vurulub. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, “İnter”in AZAL-ı 2:1 hesabı ilə məğlub etdiyi XXIV tur matçına təsadüf edib. Hesabı açan Denis Silva 200-cü qolun müəllifi olub. O, 48-ci dəqiqədə qonaqları məyus edib. Bu turadək 197 qol qeydə alınmışdısa, günün ilk oyununda 2 qol vurulandan sonra fərqlənən braziliyalı rəqəmi yubiley həddinə çatdırıb.

Tur başa çatandan sonra isə mövsümdə vurulan qolların ümumi sayı 207-yə qədər artıb. Bunlardan 123-ü meydan sahibləri, 84-ü qonaqların hesabındadır. 96 matçdakı orta məhsuldarlıq 2,16-ya bərabərdir.

Qeyd edək ki, çempionatın 1-ci qolunu 2016-cı il avqustun 6-da keçirilən AZAL – “Neftçi” oyununun (0:2) 60-cı dəqiqəsində qonaqların futbolçusu Elvin Bədəlov vurub. 50-ci qol “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin hesabındadır. O, V turun sentyabrın 19-da keçirilən “Zirə” ilə matçının (2:0) 20-ci dəqiqəsində fərqlənib. 100-cü qol X turun oktyabrın 30-da baş tutan “İnter” – “Sumqayıt” (3:1) görüşünə təsadüf edib. Nizami Hacıyevin 80-ci dəqiqədəki qolu yubiley xarakteri daşıyıb. XXVII turun “Qarabağ” – “Zirə” görüşündə (2:0) Ağdam klubunun futbolçusu Əfran İsmayılov 150-ci qolun müəllifi olub. O, fevralın 8-də baş tutan qarşılaşmanın 13-cü dəqiqəsində hesabı açıb.

Son xəbərlər

Orphus sistemi