Yuxarı

Azərbaycan millisinin məşqçisi zədəli futbolçuların vəziyyətinə aydınlıq gətirib

Zədəli Eddi İsrafilov toplanışda iştirak edəcək

Bakı. 3 oktyabr. REPORT.AZ/ İspaniyanın "Kadis" klubunun futbolçusu Eddi İsrafilov Azərbaycan milli komandasının təlim-məşq toplanışına qatıla biləcək. 

Bu barədə "Report"a yığmanın məşqçisi Mahmud Qurbanov məlumat verib.

O bildirib ki, baş məşqçi Robert Prosineçki ötən gün İspaniyanın II Liqasının VIII turu çərçivəsində “Rayo Valyekano” ilə görüşdə zədələndiyi bildirilən 24 yaşlı yarımmüdafiəçinin özü ilə danışıb: "İsrafilov Prosineçkiyə toplanışda iştirak edə biləcəyini söyləyib. Məncə, onda ciddi zədə yoxdur. Özü də oynamasına əngəl törədəcək zədəsinin olmadığını bildirib. Bu səbəbdən, toplanışa qatılacaq".

M.Qurbanovun sözlərinə görə, zədə üzündən "Qəbələ"yə qarşı çıxış etməyən kapitan Rəşad Sadıqov artıq yığmanın təlim-məşq toplanışındadır. Onun fikrincə, Sadıqovun da oynamasına maneə olmamalıdır. 

Əvəzində məşqçi "Qarabağ"da çıxış edən yarımmüdafiəçi Əfran İsmayılovun zədələnməsini yığma üçün itki adlandırıb. O, hələlik İsmayılovdan başqa problemlərinin olmadığını əlavə edib: "Qarşıdakı məşqlərdə, oyuna qədər hər şey bilinəcək. Yəqin ki, bu müddət ərzində heç bir futbolçunun sağlamlığında problem olmaz".

Qeyd edək ki, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Norveç oyunu saat 20:00-da başlayacaq. Oktyabrın 11-də isə milli komanda Çexiyanın qonağı olacaq. Həmin qarşılaşma saat 22:45-də başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi