Yuxarı

Azərbaycan Kubokunun finalçıları müəyyənləşib

Finalda Qarabağ və Neftçi komandaları mübarizə aparacaq

Bakı. 21 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab oyunları keçirilib. "Report"un məlumatına görə, qarşılaşmalardan biri Zaqatalada, digəri isə paytaxt Bakıda baş tutub.

Günün ilk matçında Zaqatalada yerli "Simurq" Ağdamın "Qarabağ" klubunu qəbul edib. "İnter Arena"da keçirilən ilk qarşılaşmadan minimal hesablı qələbə ilə ayrılan Ağdam təmsilçisi səfər matçına üstün yollanıb. Nəticədə qapısını toxunulmaz saxlamağa üstünlük verən "Qarabağ" Zaqataladan qolsuz heç-heçə ilə paytaxta dönəcək. Matç 0:0 hesabı ilə yekunlaşıb. İki oyunun nəticəsinə əsasən, "Simurq" yarımfinal mərhələsində Azərbaycan Kuboku uğrunda mübarizəni dayandıran tərəf olub - 1:0.

Növbəti oyunda isə paytaxtın iki komandası "İnter" və "Neftçi" münasibətlərinə aydınlıq gətirib. "İnter Arena"da keçirilən matçda hesabı qonaqlar açıb. "Ağ-qaralar"ın heyətində Nikolas Kanales komandasını hesabda irəli çıxarıb. Cəmi 10 dəqiqə sonra, 37-ci dəqiqədə Arif Daşdəmirov komandasının bərabərlik topunu vurub - 1:1. İlk hissə bu hesabla da başa çatıb. İkinci 45 dəqiqəyə daha aktiv başlayan meydan sahibləri 56-cı dəqiqədə hesabda önə keçiblər. Baçana Sxadadze baş zərbəsi ilə rəqib qapısına yol tapıb. Qarşılaşma bu hesabla da başa çatıb və iki oyunun nəticəsinə əsasən "Neftçi" finala adlayan tərəf olub.

Beləliklə, Azərbaycan Kubokunun finalında "Qarabağ" və "Neftçi" komandaları mübarizə aparacaq.

Azərbaycan Kuboku
1/2 final mərhələsi, cavab oyunları


18:00. "Simurq" (Zaqatala) - "Qarabağ" (Ağdam) - 0:0
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev
Zaqatala şəhər stadionu
İlk oyun: "Qarabağ" - "Simurq" - 1:0.

19:00. "İnter” (Bakı) – "Neftçi” (Bakı) - 2:1
Qollar: Arif Daşdəmirov, 37. Baçana Sxadadze, 56 - Nikolas Kanales, 27.
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rza Məmmədov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rəhim Həsənov
Bakı. "İnter Arena”
İlk oyun: "Neftçi" - "İnter" - 2:0

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi