Yuxarı
    Bağlamaq

    ​Azərbaycan klubunda baş məşqçi dəyişikliyi baş verib

    Emin Quliyev Rəvan klubundan kənarlaşdırılıb

    Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

    "Rəvan" klubunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Emin Quliyev uğursuz nəticələri ilə əlaqədar komandanın sükanı arxasından kənarlaşdırılıb.

    Rəhbərliyin bu qərarı verməsinə VIII turun açılış oyununda evdə "Kəpəz"ə 0:2 hesablı məğlubiyyət və klubun 3 futbolçusunun qırmızı vərəqə alması səbəb olub. Matçdan sonra E.Quliyev köməkçiləri ilə birgə istefaya göndərilib.

    Məlumata görə, kluba yeni baş məşqçi artıq təyin olunub. "Report"un əldə etdiyi məlumata görə, bu, Bəhmən Həsənovdur. Təcrübəli mütəxəssis 3 ildən sonra "Rəvan"a qayıdıb və komandaya hələ "Muğan" adlandırıldığı vaxtı da nəzərə aldıqda, 5-ci dəfə baş məşqçi təyin olunub. O, ilk dəfə 2010-cu il noyabrın 15-də "Muğan"ın sükanı arxasına keçib. Sonradan Həsənov 2011-ci ilin iyulundan sentyabrınadək, 2012-ci ilin fevralından iyununadək və 2012-ci ilin avqustundan sentyabrınadək "Rəvan"da baş məşqçi olub. Mütəxəssis eyni kluba baş məşqçi təyin olunma sayında rekordçudur.

    Qeyd edək ki, bu mövsüm "Rəvan" Azərbaycan Premyer Liqasında 8 oyundan 2 xalla 10 komanda arasında sonuncu pillədə qərarlaşıb. Hələ qələbə qazana bilməyən "sarı-qırmızılar" 4 top vurduqları halda, qapılarından hamıdan çox - 14 top buraxıblar. Daha öncə qələbə qazana bilməyən daha bir komanda - "Sumqayıt"da da baş məşqçi dəyişikliyi baş verib. Öz ərizəsi ilə istefa verən Aqil Məmmədovu Samir Abbasov əvəzləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi