Yuxarı

​Azərbaycan diplomatları Cenevrədə keçirilmiş turnirin qalibi olub

Turnirdə 20-dən çox ölkənin nümayəndələri iştirak edib

Bakı. 27 aprel. REPORT.AZ/ Aprelin 19-26-da İsveçrənin Cenevrə şəhərində BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş ölkələrin daimi nümayəndəlikləri və beynəlxalq təşkilatlar arasında “İnkişaf və Sülh üçün Beynəlxalq İdman Günü” münasibətilə mini-futbol turniri təşkil edilib.

Bu barədə "Report"a Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən məlumat verilib.

Turnir FIFA-nın mini-futbol turniri üzrə qaydaları əsasında Cenevrə Futbol Federasiyasının hakimləri tərəfindən idarə olunub.

Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin əməkdaşlarından ibarət komanda sözügedən turnirdə iştirak edib və oyunlardan öncə ölkəmiz, habelə “Bakı 2015" I Avropa Oyunları ilə bağlı rəqib komandalara kitab və jurnallar təqdim edib.

Turnirin qrup mərhələsində bütün rəqiblərini məğlub edən komandamızın yarım-final mərhələsindəki rəqibi Türkmənistan, Gürcüstan, Misir, Latviya, Qırğızıstan, Moldova və Tacikistan Daimi Nümayəndəliklərinin əməkdaşlarından ibarət yığma komanda olub. Rəqibini 8-4 hesabı ilə məğlub edən komandamızın finaldakı rəqibi isə Paraqvay və Venesuela Daimi Nümayəndəliklərinin əməkdaşlarından ibarət yığma komanda olub. Beləliklə, finaldakı rəqibini 5-4 hesabı ilə məğlub edən Daimi Nümayəndəliyimiz turnirin qalibi olub və kubok və medallarla təltif olunub.

Turnirdə 20-dən çox ölkənin nümayəndələri iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi