Yuxarı

Azər Əliyev: "Azərbaycan futbolu sürətlə inkişaf edir"

Azər Əliyev: "Azərbaycan futbolu sürətlə inkişaf edir"
Klublar Avropa arenalarında layiqincə çıxış etməyə başlayıblar

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Mən Gürcüstanın Bəzəkli kəndində doğulsam da, Rusiyanın Krasnoyarsk şəhərində böyümüşəm. Azərbaycanda sonuncu dəfə 2015-ci ildə olmuşam. Çox gözəl ölkədir, hamıya orada olmağı məsləhət görürəm. Bakı - sürətlə inkişaf edən böyük meqapolisdir".

"Report"un məlumatına görə, bunu hazırda Rusiyanın "Ufa" komandasında çıxış edən əslən azərbaycanlı futbolçu Azər Əliyev "Realnoe vremya"ya müsahibəsində deyib. 24 yaşlı hücumçu bildirib ki, futbol oynamaq bacarığı ona atasından keçib: "Atam futbolu çox sevir. Özü məşğul olmayıb, oynamayıb, amma uşaqlıqdan bu idman növünün vurğunudur. Bu il dünya çempionatının bir neçə oyununu canlı izləməklə uşaqlıq arzusunu gerçəkləşdirib. Çox şadam ki, onun istəyini həyata keçirə bilmişəm".

Azərbaycan mətbəxini çox bəyəndiyini deyən Əliyev xüsusən, anasının bişirdiyi yeməklərdən daddığını vurğulayıb. O, Azərbaycan futbolunun sürətlə inkişaf etdiyini də diqqətə çatdırıb: "Azərbaycanda futbola, o cümlədən, infrastruktura böyük sərmayələr qoyulur. Klublar Avropa arenalarında layiqincə çıxış etməyə başlayıblar. "Qarabağ" və "Qəbələ"nin kifayət qədər güclü heyətləri var".

Ən yaxşı qolunu künc zərbəsindən "Luç" komandasının qapısından keçirdiyini deyən cinah oyunçusu kimirinin olmadığını və heç kimə azarkeşlik etmədiyini söləyib. Bununla belə, o, əvvəllər Zinəddin Zidanı, indi isə Lionel Messini bəyəndiyini dilə gətirib. Əliyev İspaniya "Real Madrid"inə simpatiyasının olduğunu vurğulayıb. İstedadlı forvard legioner həyatı yaşamaq istədiyi ölkələri də açıqlayıb: "Başa düşürəm ki, mən hələ artırmalıyam. Lakin gücümü İspaniya və ya İtaliya çempionatlarında sınamaq imkanı yaransa, düşünmədən gedərəm".

Qeyd edək ki, hazırda Azər Əliyevin Azərbaycan millisinə cəlb olunması gündəmdədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi