Yuxarı

AZAL klubu ev oyunlarını Şüvəlanda keçirəcək

Meydançada olan nasazlıqlar aradan qaldırılıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ "AZAL Arena"nın süni örtüklü meydançasında yaranan problem səbəbindən Azərbaycan Premyer Liqasının ev oyunlarını "Dalğa Arena"da keçirən AZAL klubu yenidən doğma stadiona qayıda bilər. "Report"un klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun əvvəllərindən idman qurğusunda aparılan cari təmir işləri artıq yekunlaşmaq üzrədir. Meydançada olan nasazlıqlar aradan qaldırılıb.

Yaxınlarda xaricdən dəvət olunan əcnəbi mütəxəssis də görülən işlərdən razı qalıb və onun verdiyi müvafiq təlimatlara tam əməl olunub.

2010-cu ildə süni örtüyü meydançaya döşəmiş Hollandiyanın "EDEL GRASS" şirkətinin baş mütəxəssisi Berri Bey iki həftə əvvəl "AZAL Arena"nı təftiş edərək laborator müayinə üçün meydançadan nümunələr götürüb. Otun keyfiyyətinin və ölçülərinin müfaviq normalara cavab verdiyini bildirən hollandiyalı mütəxəssis keyfiyyətdən düşən rezin qum dənəciklərinin dəyişdirilməsini və stadiona gündəlik xidmətin səviyyəsinin yaxşılaşdırılmasını məsləhət görüb.

Bu səbəbdən 10 tona yaxın yeni rezin dənəciklər səpilib və meydançanın suvarılma intensivliyi artırılıb. Bundan başqa, yüklənmənin səviyyəsi əhəmiyyətli dərəcədə azaldılıb və bir neçə komandanın məşqləri, oyunları başqa stadiona keçirilib. İndi stadionda yalnız əsas komanda təlim keçir.

Stadionda cari təmir işləri başa çatdığı üçün klub rəhbərliyi xüsusi komissiya tərəfindən təftiş aparılması üçün Peşəkar Futbol Liqasına rəsmi müraciət etməyi planlaşdırır. Müraciət bayramdan sonra göndəriləcək. Ona görə də Premyer Liqanın VII turunun AZAL - "Rəvan" matçının Şüvəlanda keçiriləcəyi istisna olunmur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi