Yuxarı
    Bağlamaq

    Avropa Millətlər Kubokunda mübarizə aparacaq Azərbaycan yığmalarının heyəti açıqlanıb

    Moskvada 25 idmançı çıxış edəcək

    Bakı. 2 noyabr. REPORT.AZ/ Noyabrın 6-da Rusiyanın paytaxtı Moskvada sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa Millətlər Kubokuna start veriləcək. "Report"un məlumatına görə, üç gün davam edəcək komanda yarışında Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Polşa, Almaniya yığmaları iştirak edəcək.

    Artıq qonşu ölkəyə yollanacaq güləşçilərin siyahısı müəyyənləşib. Ümumilikdə Azərbaycanı 25 güləşçi təmsil edəcək.

    İlk olaraq mübarizə qadın güləşçilər arasında baş tutacaq. Bu yarışda baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi Marziget Baqomedova (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq), İrina Netreba (60 kq), Raqnetta Qurbanzadə (63 kq) və Gözəl Zutova (69 kq) yarışacaq. Noyabrın 6-da qrup, ertəsi gün final görüşləri olacaq. Azərbaycan millisi Rusiya, Ukrayna, Belarus, Polşa və Türkiyə komandaları ilə yarışacaq.

    Sərbəst güləşçilər Moskvada məşqçilər David Kurtsiya və Arif Abdullayevin rəhbərliyi altında çıxış edəcək. Yığmanın heyətində Mahir Əmiraslanov, Ruslan Qasımov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Aslanbek Alborov (97 kq) və Ali Maqomedabirov (125 kq) yer alıb.

    Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında mübarizə aparacaq yunan-Roma güləşi yığmasının heyətinə 9 güləşçinin adı daxil edilib. Yunan-Roma güləşi yarışlarında ölkəmizi Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75 kq), Emin Əhmədov (80 kq), İslam Abbasov (85 kq), Şəhriyar Məmmədov (98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) təmsil edəcək.

    Sərbəst və yunan-Roma güləşi üzrə yarışlarda noyabrın 7-də qrup, ertəsi gün final görüşləri keçiriləcək. Sərbəst güləş millisi Rusiya, Türkiyə, Gürcüstan, Belarus və Polşa, yunan-Roma güləşi üzrə yığma isə Rusiya, Ukrayna, Almaniya, Belarus və Türkiyəyə rəqib olub.

    Yarışlar "Lujniki" Olimpiya Kompleksində, "Drujba" Universal İdman Zalında keçiriləcək.

    Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim İntiqam Alıyev iştirak edəcək.

    Qeyd edək ki, hər 3 növ üzrə əsas heyət üzvləri noyabrın 27-də start götürəcək "Qızıl Qran Pri"yə hazırlaşırlar. Bu səbəbdən, sərbəst və yunan-Roma güləşi üzrə yığmaların baş məşqçiləri Saypulla Absaidovla Cəmşid Xeyrabadi, eləcə də sərbəst güləş millisinin böyük məşqçisi Firdovsi Umudov Moskvaya yollanmayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi