UEFA AVRO-2020 üçün rəsmi oyun topunun adını açıqlayıb.
"Report"un məlumatına görə, mötəbər yarışın topu ingiliscə "birlik" (unity) və "eyforiya" (euphoria) sözlərinin birləşməsi ilə “Uniforia” adlandırılıb. Bu top gələn il keçiriləcək çempionatınturnirin bütün qitəni ruhlandıracağını qeyd etmək üçün hazırlanıb.
AVRO-2020-nin matçları Avropanın 12 müxtəlif ölkəsində keçiriləcəyindən, “Uniforia”nın tərtibatı körpülərin kəsişməsi, hüdudların qarışması, həmçinin sənət və futbolun təkrarolunmaz qarışığı ilə turniri müşayiət edəcək müxtəliflik anlayışlarını əhatə edir. Bu elementlər 2018-ci ildə start götürmüş tərtibat prosesinin başlanğıc nöqtələri olub.
Turnirin yeni transkontinental formatının əksi olan “Uniforia”nın tərtibatı topun üstündən qalın, qara fırça ilə çəkilmiş hüdudların qarışmasını və sərhədlərin kəsişməsini göstərən xətlərdən ibarətdir. Turnirin müxtəlifliyini və fərqli mədəniyyətlərin bir araya gəlməsini göstərmək məqsədilə, bu geniş ştrixlər parlaq və açıq rəngli qısa xətlərlə kəsişir.
Qeyd edək ki, AVRO-2020 iyunun 12-də İtaliyanın paytaxtı Romada start götürəcək və iyulun 12-də İngiltərənin paytaxtə Londondakı “Uembli” stadionunda keçiriləcək final oyunu ilə yekunlaşacaq. Matçlar Avropanın 12 ev sahibi şəhərində - Bakı (Azərbaycan), Amsterdam (Hollandiya), Bilbao (İspaniya), Buxarest (Rumıniya), Budapeşt (Macarıstan), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Qlazqo (Şotlandiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya) və Sankt-Peterburq (Rusiya) təşkil olunacaq.