Bakı. 20 Fevral. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində toplanışda olan futbol üzrə Azərbaycan milli komandası bu gün Robert Prosineçkinin rəhbərliyi altında ilk məşqinə çıxıb.
"Report"un Antalyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hazırlıq prosesinə Prosineçkinin öncədən çağırdığı 24 futbolçudan 21-i qatılıb.
Zədə üzündən gətirilməyən yarımmüdafiəçi Rəşad Sadiqovla qapıçı Səlahət Ağayevdən əlavə, Almaniya "Ayntraxt"ının qolkiperi Emil Balayev də ilk məşqdə yer almayıb. Balayevin İstanbuldakı əlverişsiz hava şəraiti üzündən Türkiyəyə gəlişində problem olduğu açıqlanıb. Üstəlik kollektiv çalışmalarda müdafiəçi Maksim Medvedev də iştirak etməyib. Medvedev fərdi məşq edib.
İlk məşq daha çox fiziki hazırlıq üzərində qurulub.
Qeyd edək ki, millimiz növbəti günlərdə səhər və axşam məşqlərinə, fevralın 24-də isə Ukrayna "Şaxtyor"u ilə yoxlama matçına çıxacaq.