Yuxarı

Ansi Aqolli: "Biz Fransada oynayanda serblər popkorn yeyə-yeyə baxacaqlar" - VİDEO

Qarabağın albaniyalı legioneri Ermənistanla oyunun danışılmış olduğuna dair iddiaları cəfəngiyyat adlandırıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Qarabağ"ın və Albaniya milli komandasının futbolçusu Ansi Aqolli Ermənistanla AVRO-2016-nın seçmə qrup matçının danışılmış olmasına dair iddialara münasibət bildirib. 33 yaşlı müdafiəçi "Report"a açıqlamasında məlumatların Serbiya mediası vasitəsilə yayıldığını söyləyib.

Onun fikrincə, belə cəfəngiyyatları şərh etmək axmaqlıq olardı: "Nə mən, nə də sizin agentlik Serbiya mediası səviyyəsindədir. Onlar bizim uğurlarımıza kölgə salmaq istəyirlər. Bu da çox çirkin yoldur. Amma mənim üçün sürpriz olmadı. Çünki Serbiya mətbuatı həmişə yalan yazır. Serbiyadakı oyunumuz yarımçıq qalanda da günahı bizdə görmüşdülər. Əsas məsələ odur ki, biz Fransaya Avropa çempionatında oynamağa yollanacağıq, Serbiya mediası isə popkorn yeyə-yeyə televiziyada bizə baxacaq".

Aqolli Albaniya millisinin tarixində ilk dəfə əldə etdiyi vəsiqədən də danışıb: "Nə deyim ki, belə tarixi uğurun yanında cılız görünməsin? Deməyə söz tapmıram. Çox xoşbəxtəm. Bu, Albaniya futbolu, ölkəmiz üçün çox böyük əhəmiyyətə malik nailiyyətdir".

Qeyd edək ki, Serbiya mətbuatı Albaniya millisinin AVRO-2016-nın seçmə mərhələsində keçirdiyi İ qrupunun oyununda Ermənistana 2 milyon avro ödədiyini yazıb. İrəvanda keçirilmiş görüş Ansi Aqollinin komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi