Yuxarı

Andrey Kançelskis: "Mxitaryan Bakıya getməkdən qorxursa, özünə pampers alsın"

Andrey Kançelskis: "Mxitaryan Bakıya getməkdən qorxursa, özünə pampers alsın"

"Mən bunu başa düşə bilmirəm: Sən kimdən qorxursan? Hansı siyasi münasibətlər? Sən futbol oynayırsan. Get-oyna da... Nə sayıqlayırsan?"

"Report"un məlumatına görə, bunu İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Andrey Kançelskis "Rusfootall"a müsahibəsində "Arsenal"ın futbolçusu Henrix Mxitaryanın "Çelsi" ilə Avropa Liqasının final matçı üçün Bakıya gəlməməsinə münasibət bildirərkən deyib. Keçmiş yarımmüdafiəçi erməni oyunçunun qərarını gülünc və klounluq kimi dəyərləndirib. O, futbolun siyasətə qarışmamalı olduğunu vurğulayıb: "Get oyna, heç kimdən qorxmadığını göstər. Ümumiyyətlə, sənə orada nə edəcəklər? Azərbaycan və Ermənistan arasındakı münasibətlər yoluna qoyulmasa belə, gedib oynamalısan. Sonucda sənə barmağı ilə toxunan da olmayacaq! Ola bilsin, fitə basacaqlar, qışqıracaqlar... Maradonanı da İngiltərənin qapısına əllə qol vurduğu üçün fitə basmışdılar. Amma axı, o, sağdır!"

Kançelskis Mxitaryana məsləhət verməyi də unutmayıb: "Əgər belə qorxubsa, özünə pampers alsın. İnsan istəsə, özündən asılı olan hər şeyi edər. Qorxdusa, qorxaq olduğunu etiraf etsin. "Arsenal" rəhbərliyinin yerində olsaydım, Mxitaryanı peşəkar öhdəliklərini yerinə yetirmədiyi üçün cərimələyərdim. Finalda uduzsalar, günahkar Mxitaryan olacaq. Çünki Bakıya gedib komandasına kömək etmədi".

Ötənlərin tanınmış futbolçusu final oyununun yaxşı mübarizə şəraitində keçəcəyinə əminlik ifadə edib. Heç vaxt pul qoyuluşu etmədiyini deyən Kançelskis "Çelsi"nin daha şanslı olduğunu vurğulayıb: "Çünki bu komandanın bütün xətlərdə balanslı heyəti var. Fikrimcə, matçın taleyi penaltilər seriyasınadək uzanmayacaq və "zadəganlar" əsas vaxtda qələbə qazanacaqlar. İstənilən halda, yaxşı matç alınacaq. Çünki ingilislər açıq futbol oynayırlar. Oyunun məhsuldar keçəcəyi gözlənilir".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Çelsi" - "Arsenal" matçı saat 23:00-da başlayacaq. Andrey Kançelskis müxtəlif illərdə İngiltərədə "Mançester Yunayted"dən əlavə, "Everton", "Mançester Siti" və "Sautgempton"da da çıxış edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi