Almaniya Futbol Liqası (DFL) klublardakı koronavirus testlərinin nəticələrini açıqlayıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, əsas və II Bundesliqada ümumilikdə 1 724 nəfərdən götürülmüş analizlərdən sonra virusa 10 yoluxma halı aşkarlanıb.
Futbolçularla yanaşı, klubların digər əməkdaşları da testdən keçiriliblər.
Bildirilib ki, bu həftə analizlərin ikinci mərhələsi olacaq və nəticələr barədə daha sonra məlumat veriləcək. Yeni yoluxma olmayacağı təqdirdə komandalara qrup şəklində məşqlərə başlamaq icazəsi veriləcək.
Daha sonra futbolçular sərbəst şəkildə testdən keçə biləcəklər. Məşqlər bərpa olunduqdan sonra isə oyunçulardan həftədə iki dəfə analiz götürüləcək.
Qeyd edək ki, Almaniyada daha əvvəl bəzi klubların futbolçularında virusun simptomları aşkarlanıb.