Yuxarı

Ağasəlim Mircavadov: "Lixtenşteynlə matçda oyun yox, qol problemi oldu"

Ağasəlim Mircavadov U-21-in Lixtenşteynə məğlubiyyətindən danışdı

"Milli komanda vacib oyunlara hazırlaşır. Məşqçilər komitəsi olaraq hazırlıq proseslərini də izləyirik. Əsas milli U-21-lə yoxlama matçı da oynadı. Kmlər varsa, hamısı milliyə dəvət alıb. Bu iki oyun hər şeyə aydınlıq gətirəcək".

Bu fikirləri "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov yığmanın Macarıstan və Slovakiya ilə oyunları barədə danışarkən deyib. Təcrübəli mütəxəssis bildirib ki, Xorvatiya ilə ilk seçmə mərhələ matçı normal hazırlaşıb oynamağın mümkünlüyünü göstərib.

Mircavadovun sözlərinə görə, yığmanın AVRO-2020-nin final mərhələsinə vəsiqə şansına inanmaq lazımdır: "Bunun üçün də yaxşı kollektiv olmalıdır. Macarıstan və Slovakiya ilə oyunlar həddindən artıq vacibdir. Çünki Avropa çempionatında iştirak etmək istəyiriksə, bu görüşlərdə qələbə qazanmalıyıq. Reallığa gəldikdə isə bu, bizim üçün ağırdır. Çempionatın da hansı vəziyyətdə olduğunu bilirik. Premyer Liqa bitib və futbolçuların oyun praktikası azdır. Onların hazırlığından və psixoloji durumundan çox şey asılı olacaq. İstəyin böyük olması da vacib amildir".

Sabiq baş məşqçi deyib ki, qələbə qazanmaq üçün azarkeş amili də olduqca vacibdir: "Azarkeşin köməyi yetəri qədər çoxdur. Bu barədə düşünməli və onları stadiona cəlb etməliyik".

Mircavadov Azərbaycanın U-21 yığmasının Avropa çempionatının seçmə mərhələsində Lixtenşteynə 0:1 hesabı ilə uduzmasına da münasibət bildirib. O, öncədən komandanın məğlub olacağına inanmadıqlarını vurğulayıb: "Dünən internet vasitəsilə də olsa, matça baxdıq. Oyun rəqibin qapısı qarşısında keçirdi. Çoxlu qol epizodları da oldu, amma istifadə edə bilmədik. Bu, heç də yaxşı hal deyil. U-21-də çıxış edən oyunçuların bir ayağı əsas millidə olmalı və onlar hazır vəziyyətdə gəlməlidirlər. U-21-in futbolçularında da istək olmalıdır ki, əsas komandaya gəlsinlər. Dünənki matçda oyun sarıdan problem olmadı. Hücumçuların qol vəziyyətlərindən istifadə edə bilməmələri Azərbaycanda böyük problemdir. Qol vuran futbolçulara ehtiyacımız həddindən artıq çoxdur. Bu barədə düşünmək lazımdır. Qələbə qazanmaq üçün qol vurmaq lazımdır. Azərbaycanda isə bu, böyük problemdir. Klublarımızda da yerli hücumçular azdır. Lider çatışmazlığı da var. Məşqçilər Komitəsi olaraq U-19, U-17, U-16, U-15 yığmalarının hər birinə baxır və istedadlı uşaqlar axtarırıq. İndiki zamanda istedadlı uşaqların sayı da azalıb. İş birliyi isə var və klublar çalışır. İstedadlı futbolçu tapmaqda məşqçi amili də rol oynayır".  

Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki görüş "Bakcell Arena"da keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi