AFFA rəsmisi Yaşar Vahabzadə Naxçıvanda işgüzar səfərdə olub

AFFA rəsmisi Yaşar Vahabzadə Naxçıvanda işgüzar səfərdə olub AFFA Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadə Naxçıvanda işgüzar səfərdə olub.
Futbol
19 İyul , 2019 22:52
AFFA rəsmisi Yaşar Vahabzadə Naxçıvanda işgüzar səfərdə olub

AFFA Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadə Naxçıvanda işgüzar səfərdə olub.

"Report" xəbər verir ki, 59 yaşlı mütəxəssis səfərin məqsədi barədə fikirlərini bölüşüb:

“Bu günlərdə Naxçıvanda səfərdə oldum. “Araz Naxçıvan” klubu Region Liqasının son mövsümünü üçüncü yerdə başa vurdu və komandaya bürünc medallar təqdim edildi. Tədbirdə muxtar respublikanın gənclər və idman nazirinin müavini də iştirak edirdi. Həm onunla, həm də tədbirə qatılan digər rəsmilərlə söhbətlərimiz oldu. Ümumi istək bu oldu ki, müxtar respublikada klub və aşağı yaş qruplarından ibarət komandalar yaradılmalı, uşaq futbolu inkişaf etdirilməlidir. Orda stadion var, başqa meydançalar salınıb. Təbii ki, AFFA da öz növbəsində müəyyən köməklik göstərəcək, dəstək verəcək. Ancaq bu cür istəkləri AFFA təkbaşına qarşılaya bilməz. Kənardan da kömək olmalıdı. Tutaq ki, AFFA invertarla, məşq ləvazimatları ilə kömək etdi, amma klub saxlamaq üçün daha böyük maliyyə lazımdır. Deməli, imkanlı şəxslər kənara çəkilməməli, əksinə, prosesin tərkib hissəsi olmalıdırlar. Yəni bu sahədə sabah qazanılacaq uğur ölkənin adına, imicinə hesablanacaq. Bölgələrdə yeni yaradılacaq komandalar Premyer Liqada da say artımına gətirib çıxaracaq”.

Veteran futbolçu iri şirkətlərin futbola biganəliyindən də gileylənib: “Çox yazırlar, deyirlər ki, futbola sərmayə yatırmağa hazır sponsorlar var. Bəs niyə ortaya çıxmırlar? Nəyi gözləyirlər? Bu gün onlar üçün ölkədə normal şərait yaradılıb. Həm bizneslərini inkişaf etdirərlər, həm də vergilər məcəlləsində edilmiş son dəyişiklikdə qeyd edildiyi kimi idmana xərclənəcək pullar hesabına güzəştlər əldə edəcəklər. İnfrastrukturla bağlı çox dəyişiklik var. Yaxşı mənada irəliləyişin olduğunu qeyd edə bilərik. Əvvəlki illərdə məşq etmək üçün meydança tapılmırdı. Rəsmi oyunlar keçirmək üçün hamı bir stadiona üz tuturdu. İndi vəziyyət fərqlidi. Sumqayıtda, Zirədə süni örtüklər təbii otla əvəzlənib. İşlər davam etdirilir. Ancaq futbol təsərrüfatının inkişafı bir qurumun üzərində olmamalıdır. Yenə deyirəm, xüsusi ilə sponsorlar, iri təşkilatlar klubların yaradılmasında, inkişafında yaxından iştirak etməlidirlər. Tez-tez müqayisə etdiyimiz Türkiyə, Rusiya, eləcə də Avropa ölkələrinə baxaq. Məgər həmin federasiyalar klub maliyyələşdirir, ya stadion tikdirir?! Amma biz hər şeyi AFFA-dan gözləyirik. İstər klublarımız, istərsə də ictimaiyyət hər detalda AFFA-ya boylanırlar”.

U-23 millimizin “sükanı arxası”nda IV İslam Oyunlarında dayanan və qızıl medal qazanan mütəxəssis klubların milli üçün kadr yetişdirmədiyini bildirib: “Biz yerli oyunçularımıza güvənməli, onların inkişafına çalışmalıyıq. Yadınızdadırsa, iki il əvvəl Bakıda təşkil olunmuş IV İslam Həmrəyliyi oyunları zamanı U-23 millimiz qalib oldu. Həmin komandada yer alan futbolçuların əksəriyyətini klublarında oynatmırdılar, ehtiyatda saxlayırdılar və ya əvəzedici komandaya göndərirdilər. Ancaq onlar birləşdirlər, komanda xarakteri, ruhu ortaya qoydular və yekunda çempion oldular. AFFA o zaman komandanın uğurlu çıxışı üçün hər cür şərait yaratmışdı. Klublarımız yerli futbolçuların hazırlanmasında maraqlı olmalı, onları dəstəkləməli, hətta xaricə yollanmalarına çalışmalıdırlar. Deyirik milli komanda zəif çıxış edir. Bəs səbəbini niyə qabartmırıq? Yerli futbolçularımız azdır, seçim imkanımız məhduddur, rəqabət zəifdir. Rəqabət olmayan yerdə necə inkişaf, artım ola bilər? Bəs yerli futbolçular harda inkişaf edir? Əlbəttə, klublarda. Niyə klubların uşaq futbolu ilə bağlı fəaliyyətini araşdırmır, diqqətdə saxlamırıq? Vaxtilə U-21-də, U-19-da işlədiyim vaxt bu məsələni tez-tez qabardırdıq. Futbolçu milliyə klubdan hazır gəlməlidi. Çünki yığmanın düşərgəsində o, 10 gün olur. Bu müddətdə də onun fiziki hazırlığını istədiyin səviyyəyə qaldırasan, ya rəqibə uyğun düşündüyün taktiki çalışmalara üstünlük verəsən?!”

Vahabzadə uşaq liqalarında üzə çəxan istedadların itib-batmasını qabardıb: “Vaxt var idi, uşaqların iştirak etməsi üçün çempionat bir yana, turnirlər belə nadir hallarda keçirilirdi. Ən yaxşı halda 1-2 yaş qrupu üzrə komandalar arasında liqalar təşkil edilirdi. Ona görə də aşağı yaş qrupundan ibarət komandalardan oyunçu seçmək çətin olurdu. İndi ən azı 9 yaş qrupu üzrə liqalar təşkil edilir. Sistem elə qurulub ki, 10 yaşlı futbolçu növbəti mövümdə 11 yaşlıların yarışına qatılır və ardıcıl bu minvalla 19 yaşına qədər mütəmadi oyunlar keçirir. Deməli, məşqçilər uşaqlar və gənclərin oyun təcrübəsi qazanması üçün imkanın olmadığını qabarda bilməzlər. Məşqçilərin üzərinə çox yük düşür. Biri var məşq keçmək, biri də var öyrətmək. Biz onları öyrətməliyik. Bizim uşaqlar hər zaman istedadlı olublar, sadəcə, onları düzgün öyrətməli, istiqamətləndirməliyik. İnsafən, dəfələrlə izlədiyimiz aşağı yaş qrupları üzrə finallarda maraqlı oyunlar, istedadlı uşaqlar görmüşük. Ancaq onları sona qədər inkişaf etdirib, əsas komandaya və ümumilikdə futbolumuza qazandırmaq baxımından çox axsayırıq. Halbuki bu çox vacibdir. Bunun üzərində işləməliyik. Məşqçilərimiz diqqətli olmalı, işlərini düzgün qurmalıdırlar. Düzdü, hər məşqə gələn uşaqdan böyük futbolçu olmayacaq, ancaq “dama-dama göl olar”. Biz də ən yaxşıları seçməklə, onlarla taktiki planda işləyib düzgün istiqamətləndirməklə nəticə əldə edə bilərik”.

Son xəbərlər

Orphus sistemi