Yuxarı

AFFA-da növbəti Hesabat-Seçki Konfransı keçirilib

Konfransdan sonra yeni tərkib öz işini görmək üçün qapalı iclas keçirib

Bakı. 11 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti Hesabat-Seçki Konfransı keçirilib. "Report"un məlumatına görə, "Hilton" hotelində keçirilən konfransda AFFA prezidenti Rövnəq Abdullayev, federasiyanın baş katibi Elxan Məmmədov, gənclər və idman naziri Azad Rəhimov, UEFA-nın baş katibi Teodor Teodoridis və futbol ictimaiyyətinin digər nümayəndələri iştirak edib.

R.Abdullayev 2015-ci ildə Azərbaycan futbolunun inkişafı üçün görülən işlərdən söz açıb. AFFA rəhbəri aşağı yaş qruplarına ayrılan diqqətdən, infrastrukturun inkişafından danışıb. O, iki klubun Avropa Liqasının qrup mərhələsində mübarizə aparmasını və hazırda klublarda maliyyə vəziyyətinin çətinləşməsinin narahatedici olduğunu vurğulayıb.
Azad Rəhimov çıxışında futbolun idman sahəsində önəmli yer tutduğunu və son ildə Azərbaycan futbolunun inkişaf etdiyini bildirib. Nazir konfransın işinə uğurlar arzulayıb.
Daha sonra konfransın səlahiyyətli olub-olmamasını yoxlamaq üçün söz Mandat Komissiyasının sədri Mahmud Sadıqova verilib. M.Sadıqov konfransın başlanması üçün yetərsayın olduğunu bildirib. Say komissiyasının üzvləri Kamran Quliyev, Rövşən Əhmədov və Şaiq Həmidov seçilib.
Ardınca konfrans öz işinə başlayıb və tədbir iştirakçılarına 2015-ci ildə görülən işləri əks etdirən videoçarx nümayiş etdirilib. AFFA-nın baş katibi E.Məmmədov təmsil etdiyi qurumun fəaliyyətindən danışıb, strukturu haqda məlumat verib. O, xüsusilə 2008-ci ildən görülən işləri, edilən dəyişiklikləri tədbir iştirakaçılarının diqqətinə çatdırıb.
AFFA-nın ötən il üçün gəlir və xərcləri açıqlandıqdan sonra Maliyyə-Təsərrüfat fəaliyyətinin həmin il üçün Auditor Hesabatı təqdim edilib və maliyyə xərclərinin beynəlxalq maliyyə hesabatlarına uyğun olaraq düzgün əks etdirildiyi bildirilib.
AFFA-nın Hüquq və kadr Məsələləri Şöbəsinin müdiri Rəmiş Maliyev Nizamnaməyə əlavə və dəyişikliklər haqda danışıb. O, AFFA Mübahisələrin Həlli Sisteminin hazırkı strukturu barədə məlumat verib. Nizamnaməyə dəyişiklik edilməsi üçün səsvermə keçirilib və müsbət nəticələnən səsvermədən sonra dəyişikliyin olunmasına qərar verilib.
Bakı Olimpiya Stadionun direktoru Cavid Qarayev rəhbərlik etdiyi arenada görülən işlər barədə məlumat verib. Konfrans iştirakçıları stadionda görülən işlərlə tanış edilib.
U-17-nin baş məşqçisi Təbriz Həsənov isə hesabat xarakterli çıxışını başa vurduqdan sonra AFFA prezidentiliyi postuna seçkilər keçirilib. Yeganə namizəd olan Rövnəq Abdullayev yekdilliklə qurumun növbəti 4 il müddətinə prezidenti seçilib. Ardınca səsvermə yolu ilə İcraiyyə Komitəsinin üzvləri seçilib.
Konfransdan sonra yeni tərkib öz işini görmək üçün qapalı iclas keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi