AFFA İntizam Komitəsi növbəti cəzalarını açıqlayıb

AFFA İntizam Komitəsi növbəti cəzalarını açıqlayıb Meydana atılmış limon kənar əşya kimi dəyərləndirilib
Futbol
9 Fevral , 2016 12:41
AFFA İntizam Komitəsi növbəti cəzalarını açıqlayıb

Bakı. 9 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XX turun oyunlarında baş vermiş olaylarla bağlı qərarlarını açıqlayıb. "Report"un məlumatına görə, komitə turun 5 qarşılaşmasından 4-də hüquq pozuntusu aşkarlayıb.

“Neftçi” ilə matçda 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Rəvan” klubu 1000 manat cərimələnib. "Sarı-qırmızılar" 89-cu dəqiqədə Həmid Yasinin kobud oyuna görə birbaşa qırmızı vərəqə alması səbəbindən daha 2000 manat ziyana düşüb, futbolçu isə 2 oyunluq cəzalanıb. 88-ci dəqiqədə “Neftçi”nin futbolçusu Jairo Rodriges ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

“Qarabağ”la matçın 87-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Ruslan Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. 2-ci dəqiqədə “Qarabağ” azarkeşləri tərəfindən meydançaya atılan limon kənar əşya adlandırılıb və klub 2000 manat cərimələnib.

“Zirə” ilə oyunun 61-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Emin Mehdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Kəpəz”lə görüşün 88-ci dəqiqəsində AZAL-ın futbolçusu Taqim Novruzov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.

Qeyd edək ki, yalnız "İnter" - "Qəbələ" matçı cəzasız ötüşüb. 

Son xəbərlər

Orphus sistemi