Yuxarı

AFFA İcraiyyə Komitəsinin qərarları rəsmən açıqlanıb

Yeni turnirin təşkili Məşqçilər Komitəsi və PFL-ə tapşırılıb

Bakı. 6 mart. REPORT.AZ/ AFFA İcraiyyə Komitəsinin növbəti iclasında qəbul olunmuş qərarlar rəsmən açıqlanıb. 

"Report"un məlumatına görə, toplantıda 2015/2016-cı il mövsümündən başlayaraq Topaz Premyer Liqası klublarında çıxış edən 21 və 23 yaşadək yerli futbolçuların maaşına limit tətbiq olunması qərara alınıb. 

21 yaşadək futbolçuların illik maaşı maksimum 30 min manat, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min manat müəyyənləşdirilib. Azərbaycan milli komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər. Maaş limitinə riayət etməyən klublara aktivindən xalların silinməsi, maliyyə sanksiyası və futbolçunun diskvalifikasiyası kimi cəzalar tətbiq olunacaq. 

Yeni mövsümdə də Topaz Premyer Liqasında 10 klubun çıxış etməsi qərara alınıb. Cari mövsüm Topaz Premyer Liqasında sonuncu pilləni tutmuş komanda çıxışını Birinci Divizionda davam etdirəcək. Birinci Diviziondan Topaz Premyer Liqasına AFFA-nın Lisenziyalaşdırma qaydalarına uyğun gələn və Birinci Divizionda müvafiq yerləri tutan 2 klub yüksələcək.

Ölkə çempionatının oyunlarının yayımı ilə əlaqədar AFFA tərəfindən televiziyalar və şirkətlər üçün tender keçiriləcək.

Məşqçilər Komitəsinin təklifinə əsasən, yeni turnirin təşkil olunaraq keçirilməsi və bundan irəli gələn məsələlərin həlli AFFA-nın Məşqçilər Komitəsi və Peşəkar Futbol Liqasına (PFL) tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi