Yuxarı

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb - YENİLƏNİB

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb - YENİLƏNİB
© Report/ Firi Salim — AFFA-nın baş katibi Elxan Məmmədov

Bakı. 4 mart. REPORT.AZ/ Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Qadınlardan ibarət Azərbaycan milli komandalarının baş məşqçiləri təsdiq olunsun:

A milli komanda – Siyasət Əsgərov

U-19 – Vüqar Əsgərli

U-17; U-15 – Zamir Həsənov

2. 2019-2020-ci il mövsümündə Topaz Premyer Liqası klublarının əvəzedici komandalarının I Divizionda çıxışı üçün AFFA tərəfindən hər bir kluba 50.000 (əlli min) manat vəsait ayrılsın.

Əvəzedici komandasının I Divizonda iştirakından imtina edən TPL klubu 100 min manat məbləğində cərimə olunsun.

3. Oyunçuların Statusu və Transferi Komitəsinin Prosessual Qaydalarına aşağıdakı dəyişikliklər edilsin:

- Prosessual Qaydaların 5‐ci maddəsinin (Tərkib) 1‐ci bəndi aşağıdakı redaksiyada verilsin:

“Oyunçuların Statusu və Transferi Komitəsinin sədrini AFFA‐nın İcraiyyə Komitəsi təyin edir. Komitənin digər üzvləri də AFFA‐nın İcraiyyə Komitəsi tərəfindən aşağıdakı hər kateqoriya üzrə iki (2) nəfərə qədər olmaqla təyin edilir:

5.1.1. Peşəkar Futbol Liqası – Nihad Məmmədov

5.1.2. Klublar Komitəsi – Orxan Əhmədov

5.1.3. Müstəqil hüquqşünas – Fərid Haqverdiyev

5.1.4. Qeydiyyat və statistika şöbəsi – Seymur Səlimli

- Prosessual Qaydaların 5‐ci maddəsinin (Tərkib) 2‐ci bəndinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Komitənin sədri AFFA‐nın üzvü ola bilməz. Komitənin sədri, üzvləri və məsul katibi öz vəzifələrini icra edən zaman onlara məlum olan bütün faktlar barədə məxfiliyi qorumaq öhdəliyi daşıyırlar.”

- Prosessual Qaydaların 5‐ci maddəsinin (Tərkib) 3‐cü bəndinin “seçilir” sözü “təyin edilir” sözü ilə əvəz edilsin.

4. Lisenziya Komissiyası və Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsi aşağıdakı tərkibdə təsdiq olunsun:

Lisenziya Komissiyası

Sədr - Elçin Səmədli

Sədr müavini - Sərxan İbadov

Üzvlər - İslam Bayramov, Firdovsi Qasımov, Mahmud Yusifov, Vladimir Fyodorov, Zaur Hacı-Məhərrəmov

Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsi

Sədr - Nazim Əliyev

Sədr müavini - Rauf Quluzadə, Mikayıl Xəlilzadə, İlham Hacıyev, Anar Yusubov, Zamin Hüseynov, Orxan Hüseynzadə

5. Tovuz rayonunda, “Turan-Tovuz” klubunun nəzdində Futbol Akademiyası təsis olunsun. Akademiyanın təsis olunması ilə bağlı texniki proseslərin, inşaat-təmir işlərinin tənzimlənməsi AFFA-nın baş katibliyinə həvalə olunsun.

6. VAR (video-köməkçi hakim) sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilsin.


12:30***

Bakı. 4 mart. REPORT.AZ/ Tovuzda Futbol Akademiyası yaradılacaq.

“Report” xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov XXVI növbəti Konfransından sonra mətbuat konfransında bildirib. 

O, bununla bağı AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunduğunu söyləyib: “Bugünkü iclasda bəzi qərarlar qəbul olundu. Müzakirə məsələlərindən biri azarkeşlərin böyük maraq göstərdikləri bölgələrdən biri ilə bağlı idi. Qərar qəbul olundu ki, Tovuzda futbol akademiyası yaradılsın. Bununla bağlı müvafiq tapşırıq verildi. Artıq bu məsələni Tovuz rayon İcra Hakimiyyəti ilə müzakirə etmişik. Noyabradək layihə hazır olacaq. FIFA və UEFA-nın da maliyyə dəstəyi ilə bu işin icrasına yaxın zamanlarda başlayacağıq”.

Baş katib bildirib ki, növbəti mövsüm əvəzedici komandalar AFFA-dan ildə 50 min manat maliyyə vəsaiti alacaqlar. İmtina edənlər isə 100 min manat cərimə ödəyəcəklər. Bundan başqa AFFA Lisenziyalaşdırma Komitəsinin tərkibində dəyişiklik edilib. Adlar və soyadlar AFFA-nın rəsmi saytında yazılacaq. Oyunçuların Statusu və Transferi Komitəsinin tərkibinə yeni üzvlər daxil ediləcək. 

İclasda qadınlardan ibarət yığmalara baş məşqçi təyinatları təsdiqlənib. VAR sistemi ilə bağlı səmərəli müzakirələr aparılıb. İcraiyyə Komitəsi Hakimlər Komitəsi və baş katibə bununla bağlı araşdırma aparılması və hazırlıq üçün işlərə başlanılması tapşırığını verib. Araşdırma və təhlillər bu mövsümün sonunadək aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi