Yuxarı

AFFA "Bakı" klubunun müraciətini cavablandırıb

Elxan Məmmədov: O bazaya Yaşar Seyidovun özünü buraxmırdılar

Bakı. 13 fevral. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov "Bakı"nın Təlim-Məşq Bazasının üzləşdiyi vəziyyətlə əlaqədar klubun vitse-prezidenti Yaşar Seyidovun müraciətini cavablandırıb. Qurum rəsmisi "Report"a açıqlamasında bazanın şəxsi mülkiyyət olduğunu bildirib. 

E.Məmmədovun sözlərinə görə, AFFA-nın bu idman qurğusuna heç bir təsiri yoxdur. Bununla belə, baş katib əvvəllər bazanın baxımsız qalmaması üçün Y.Seyidovla müəyyən danışıqların aparıldığını vurğulayıb: "Ora şəxsi torpaq, şəxsi mülkiyyətdir. Biz nə edə bilərik? Heç nə edə bilmərik. Əvvəlki illərdə o məsələni Yaşar müəllimlə müzakirə etmişdik. Qeyd etmişdik ki, bazadan yararlanmaq mümkündür. AFFA və ya hansısa klub tərəfindən istifadəsini istəmişdik ki, baxımsız qalmasın, baxsınlar. Çünki "Bakı" klubu çox gözəl baza inşa etdirib, böyük yatırımlar qoyub və o idman qurğusunun saxlanılması çox vacibdir. Lakin bunun üçün vəsait lazımdır. Vəsaiti isə o qurum qoya bilər ki, eksklüziv olaraq istifadə etsin. Təəssüf ki, klubda bütün işləri icra edən, vitse-prezident və icraçı direktor olan Seyidov təklifi qəbul etmədi. Məsələ də belə qaldı". 

Baş katib bildirib ki, "Bakı"nın bazasından AFFA da, klublar da istifadə etməyi çox istərdilər. Çünki orada gözəl meydanlar var: "Yaşar müəllim klublarla birbaşa danışıq aparsaydı və anlaşma əldə etsəydi, bir müsbət cavab alardı, bu gün də o bazaya kimsə baxardı. Heç kim razı olmaz ki, özü pul versin, digəri yararlansın. Bu, düzgün deyil. "Şəfa" stadionu da AFFA-nın balansında idi. "İnter" isə icarəyə götürmüşdü. Biz başa düşdük ki, stadiondan onsuz da "İnter" istifadə edir və AFFA-nın arenaya sahiblik etməsi məqsədəuyğun deyil. Çünki "İnter"in istifadəsindədir, klub futbolla məşğuldur. Ona görə də məsələ qaldırdıq, "Şəfa" stadionu və yanındakı bazanı satdıq. AFFA-nın büdcəsinə əlavə gəlir daxil oldu, "İnter" də xeyrini gördü. Çünki istifadə edir və bazanın sahibidir. Bu, normal prosesdir. "Bakı"nın bazasını da uzunmüddətli icarəyə versəydilər və kimsə eksklüziv olaraq, yararlansaydı, ola bilərdi ki, işə yarayardı".

"Bakı"nın stadionunda işlərin hələ tam bitmədiyini deyən E.Məmmədov məhz bu səbəbdən, orada 2012-ci ildə 17 yaşadək qızlar arasında dünya çempionatının rəsmi oyunlarını keçirə bilmədiklərini və məşq meydanları kimi istifadə olunduğunu xatırladıb. Amma yarımçıq stadionda tamamlama işlərini görərək, mayda eyni yaş kateqoriyasından olan yeniyetmələr arasında Avropa çempionatının oyunlarını üçün faydalanmaq olardı. Baş katib bununla müəyyən qədər razılaşsa da, bazanın əlavə problemlərinə də diqqət çəkib: "Bu gün AFFA olaraq, ora yatırım qoysaydıq, belə çıxır ki, digər infrastrukturlara vəsait ayıra bilməzdik. Həm də axı oradakı problemləri bilirik. Hamısını danışmaq istəmirik. Yaşar müəllim çox yaxşı bilir. Axı orada digər problemlər də var. Bir ara Seyidovun özünü o bazaya buraxmırdılar. Səbəbini özüm də bilmirəm. Su, işıq problemləri var idi. Yəni, təşkilati işlərlə məşğul olduğumuz vaxt kommunal məsələlərin həlli üzərində çalışmaq bizə çətinlik yaradardı". 

Qeyd edək ki, ”Bakı”nın təlim-məşq bazasının inşası 2012-ci ildə başa çatdırılıb. Açılış mərasimində prezident İlham Əliyev iştirak edib. Baza daxilində 2500 tamaşaçı tutumuna malik stadion, süni və təbii örtüklü oyun və məşq meydanlarından əlavə, klubunun akademiyası da fəaliyyət göstərir. 2012-ci ildə Azərbaycanda baş tutmuş 17 yaşadək qızlar arasında dünya çempionatı iştirakçıları 5 həftə ərzində ”Bakı”nın bazasının meydanlarında məşq ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi