"Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının bərpası ilə bağlı təklif irəli sürüb.
Bu barədə "Report"a açıqlama verən 39 yaşlı mütəxəssis UEFA-nın hazırkı avrokubok mövsümünə avqustda başlayacağını xatırladıb.
Gənc baş məşqçi bu səbəbdən çempionatla bağlı müəyyən variantların olduğunu bildirib. Həşimov onları reallaşdırmağını mümkün olduğunu söyləyib: "Məsələn, hazırda komandalar növbəti mövsüm üçün yığışa bilərlər. 8 turu davam etdirib, yenidən o biri mövsümə başlamaq olar. Düşünürəm ki, hər bir halda çıxış yolu var. Problem sadəcə odur ki, futbolçular 2 aydan çoxdur məşq etmirlər. Çempionata başlamaq üçün zədə və futbolun tempi baxımından 3 həftə az ola bilər. Amma istənilən halda çempionatın bərpası üçün çıxış yolu var".
Baş məşqçi istidə oynamağın da mümkünlüyünü söyləyib: "Bəzən deyirlər ki, istidə oynamaq problemdir. Amma bütün böyük turnirlər yayda da keçirilir. Avrokubokda çıxış edən klublar iyun-iyulda matça çıxırlar. Yoldaşlıq görüşləri keçiririk, çempionatımız da avqustda başlayır. İndiki halda bütün komandaların axşam oynamaq üçün şəraiti var. Bu səbəbdən, yayda meydana çıxmaq problem deyil”.
Mütəxəssis komandaların növbəti mövsüm üçün hazırlaşmalı olduğunu təklif edib: “Şəxsi fikrim ondan ibarətdir ki, komandalara növbəti mövsüm transfer üçün icazə verilsin. Klublar gələn mövsüm üçün heyətlərini formalaşdırsın. İyun və ya iyul ayında çempionat başlasa, 8 turu və kubok oyunlarını tamamladıqdan sonra yenidən 1 həftə və 10 gün sonra yeni mövsümə start verə bilərik. Bizdə də 8 komanda var, böyük problem olmaz. Hətta avqustun sonu, sentyabrın əvvəli yeni mövsümə başlaya bilərdik. Mənə görə ən real çıxış yolu budur. Amma vaxt daraldıqca futbolçuların uzun müddət məşq etməməsi çox böyük problemdir”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyasına görə dayandırılıb.