"Zirə" Bolu toplanışını başa vurub

Futbol
  • 31 iyul, 2018
  • 07:31
Zirə Bolu toplanışını başa vurub

Bakı. 31 iyul. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Zirə” klubu Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışını başa vurub.

Klubun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qəsəbə təmsilçisi bu gün saat 21:00-da Bolu-İstanbul-Bakı reysi ilə vətənə dönəcək. Komanda üzvlərindən yalnız moldovalı Aleksandr Dedov Azərbaycana qayıtmayacaq. O, 3 günlük istirahət müddətini vətənində keçirəcək.

Qeyd edək ki, iyulun 19-dan Boluda toplanışda olan “Zirə” bu müddətdə 4 yoxlama oyunu keçirib. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Qətərin “Əl-Xaritiya” və Türkiyənin “Girəsunspor” klubları ilə heç-heçə edib – 1:1, 0:0. Həmçinin, yerli “Osmanlıspor”a 1:0, İran “Traktorsazi”sinin U-23 komandasını isə 3:0 hesabı ilə qalib gəlib.