Bakı. 22 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turu “Zirə” üçün əlamətdar olub.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, səfərdə "Keşlə"yə 0:1 hesabı ilə uduzduğu qarşılaşma qəsəbə təmsilçisinin Premyer Liqada 100-cü matçına təsadüf edib.
Azərbaycan çempionatının yüksək dəstəsində 2015/2016 mövsümündə debüt edən komanda indiyədək 40 dəfə meydanı 3 xalla tərk edib. “Zirə” bu görüşlərdə 29 dəfə heç-heçə edib və 31 oyunda uduzub. Rəqib qapılarından 110 top keçirən kollektiv 98 qol buraxıb.
2015/2016 mövsümündə 36, 2016/2017 və 2017/2018 mövsümlərinin hərəsində 28 qarşılaşmaya çıxan “Zirə” cari çempionatın startınadək 92 matçda qüvvəsini sınayıb. “Keşlə” ilə səfər matçı Premyer Liqadakı 4-cü mövsümün 8-ci oyunu olub.
100 görüşdən 50-ni doğma meydanda keçirən komanda səfərdə 50-ci dəfə meydana çıxıb. “Zirə” rəqib meydanlarında 14 qələbə qazanıb, 16 heç-heçə edib və 20 dəfə uduzub. Bu matçlarda topların nisbəti 43:47-dir.
Evdəki 50 oyunda isə 26 qələbəsi olan qəsəbə klubu 13 heç-heçə edib və 11 dəfə uduzub. 67 qol vuran meydan sahibləri qapısında 51 top görüb.
Qeyd edək ki, “Zirə” Premyer Liqada ilk matçını 2015-ci il avqustun 9-da AZAL-a qarşı keçirib və ev oyununda 1:0 hesabı ilə qalib gəlib.