“Elit-raundakı rəqiblərin hamısı bizə tanışdır. Rusiya millisi ilə bu yaxınlarda görüşmüşdük. Slovakiya ilə seçmə mərhələdə rəqib idik. Xorvatiya haqqında da məlumatımız var. Rəqiblər güclüdürlər və mübarizə çox gərgin keçəcək. Artıq bu mərhələdə hansısa komandanı zəif adlandırmaq qeyri-mümkündür".
Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov gələn il Litvada keçiriləcək futzal üzrə dünya çempionatının elit-raundunun püşkatması barədə danışarkən deyib.
46 yaşlı funksioner bildirib ki, rəqiblər güclü olsa da, əsas məqsəd yenidən dünya çempionatında çıxış etməkdir: “Təxminən, 2 ay vaxtımız var. Komandamız bu mərhələyə istədiyi kimi hazırlaşacaq. Təlim-məşq toplanışları keçiriləcək. Heyətlə bağlı, hazırlıq planı ilə bağlı baş məşqçimiz çalışır. Məqsədimiz dünya çempionatına vəsiqə qazanmaqdır. Komanda qarşıya qoyulan hədəfə çatmaq üçün bütün gücünü səfərbər edəcək”.
Qeyd edək ki, Azərbaycan millisi gələn il DÇ-2020-nin elit-raundunda Rusiya, Slovakiya və Xorvatiya yığmaları ilə qarşılaşacaq.