Bu gün 50 yaşı tamam olan futbol üzrə Azərbaycan millisinin sabiq kapitanı, "Neftçi", "Keşlə" və AZAL klublarının keçmiş baş məşqçisi Tərlan Əhmədovun "Report"a müsahibəsi
- Əvvəlcə yubileyiniz münasibətilə sizi təbrik edirik...
- Çox sağ olun. Təşəkkür edirəm.
- Ad günü qeyd etməyi xoşlayırsınız?
- İndiyədək heç vaxt özümə təmtəraqlı ad günü keçirməmişəm. Hər zaman ailəmlə birlikdə olmuşam. Amma 50 yaş əsrin yarısı deməkdir. Keçmişə baxanda futbolçu və baş məşqçi karyeramı düşündüm. Yaş elədir ki, bir də geri qayıtmır. Ona görə qərar verdim ki, yubileyimi futbol ictimaiyyəti, dost-tanışlarla birlikdə Bakıdakı restoranların birində qeyd edim.
- Doğum gününüz Milli Dirçəliş Gününə təsadüf edir...
- Bəli, ikiqat bayramdır. Ona görə də bu tədbir bir az böyük olacaq. İnternat məktəbində birlikdə oxuyub məzun olduğum qardaşlar var ki, uzun illərdir görmürəm. Bir sözlə, bütün dost-tanış bir araya toplaşacaq. Bu cür yığıncaqlar daha çox insanı yenidən bir-birinə isindirməyə xidmət edir. Pandemiyadan öncə gediş-gəliş var idi, hamı bir-birini axtarırdı. Pandemiyadan sonra isə bir-birimizdən sanki bir az soyumuşuq. Əvvəlki adət-ənənələrimizi qaytarmalı, isti münasibəti bərpa etməliyik. Bu tədbirlər hamı üçün müsbət olar.
- İki cür insan var: ad günü olmasına sevinənlər və ya yaş üstünə yaş gəldiyi üçün üzülənlər. Sizi hansı kateqroriyaya aid etmək olar?
- (Gülür). Mən birinci kateqoriyaya aidəm, çünki heç vaxt üzülmürəm. Hər yaşın öz gözəlliyi var. Dahi bəstəkarımız Üzeyir Hacıbəyli "O olmasın, bu olsun" pyesində yazır ki, Gülnaz xanımı 50 yaşında qoca kişiyə - Məşədi İbada ərə verirlər. Amma sonra özü real həyatda həmin yaşa çatanda deyir ki, necə böyük səhv etmişəm, sən demə, 50 yaş ikinci cavanlıq imiş. Onsuz da yaşın üstünə yaş gəlir. Biz artıq uşaqlıq, gənclik, kamillik dövrünü keçdik. İndi isə qocalıq yox, ikinci cavanlığımızı yaşamağa başlayırıq. 50 yaşdan sonra daha da kamilləşirik. Ən gözəl yaş dövrüm bundan sonra başlayır.
- "Səhvsiz insan yoxdur" deyirlər. İlk "50-liy"ə boylananda yanlışlarınız çox olub, yoxsa düzləriniz?
- Hər səhvin bir düzü olub. Həyatın özü səhv üzərində qurulub. Yanlışğa yol verəndən sonra onu düzəltməyə çalışırsan. Bu zaman yaşamaq gözəlləşir. Səhvsiz həyatın marağı olmur. Problemlərimiz boldur. Bunları həll edənədək mübarizə aparırıq. Deyərdim ki, həm səhvlərim, həm də düzlərim çox olub. Bəli, düzəldə bilmədiyim səhvlər də var. Onları da nələrləsə kompensasiya etməyə çalışmışam. Amma həyatımda "Kaş, bunu etməzdim" fikri yoxdur. Baş veribsə, deməli, olmalı idi. Hər qapını açan Allahdır. Düşünürəm ki, bəlkə də elə səhvlərə görə çox dost qazanmışam.
- İnsanlar ad günlərində hədiyyə almağı xoşlayırlar. Yubileyinizdə hansı hədiyyə daha ürəyinizcə olardı?
- Hədiyyənin böyüyü-kiçiyi, yaxşısı-pisi olmur. Belə bir məsəl var ki, bəy verən atın dişinə baxmırlar. Hədiyyə insanları mehribanlaşdırmaq, sevindirmək üçündür. Bu, səmimiyyətdən irəli gələn qarşılıqlı hörmətidir. Mənim üçün fərqi yoxdur. Bir insan məni sayırsa, ürəyindən keçən nəyisə hədiyyə edirsə, deməli, mənə hörməti var. Hədiyyəni seçmirlər. Mən də hədiyyə alıb-verməyi xoşlayıram.
- İndiyədək hamı kimi sizin də həyatınızda maraqlı hadisələr olub. Onlardan ən yaddaqalanını ad gününüzdə danışa bilərsiniz?
- Bilirsiniz ki, kişi kollektivində çox hadisə olur, sadəcə, hamısını ictimailəşdirə bilmirik (gülür). Xaliq Mərdanovla birlikdə Rusiyanın "Terek" klubunda oynayarkən başımıza gülməli, eyni zamanda, təhlükəli hadisə gəlib. Stadionla qaldığımız hotelin arasında 12-15 dəqiqəlik məsafə var idi. Xaliq Qroznı təmsilçisinə məndən bir neçə ay öncə keçmişdi. Məşqdən çıxıb hotelə gedəndə öz aramızda danışırdıq ki, bizdə futbol yoxdur, düşmüşük çöllərə. Birdən binaların arasından "Xaliq, Xaliq" deyə səs gəldi. Dönüb baxanda gördük ki, 2 nəfər yaxınlaşır. Birinin əynində dəri gödəkçə var idi. Bizə çatanda qəflətən gödəkçəsini qaldırıb altından xəncər çıxardı və Mərdanovun üstünə cumdu. Əlimizdə çanta ilə bunları vurduq, qaçdılar. Gördük ki, Xaliqin əli kəsilib. Öz-özümüzə düşündük ki, bizim heç kimlə işimiz yoxdur, niyə belə bir hadisə baş verdi. Səhər rəhbərlik iclas keçirdi. Məlum oldu ki, məşqlərin birində Xaliqlə çeçenistanlı futbolçu arasınmda mübahisə düşüb. O da əmisi uşaqlarını Mərdanovun üstünə göndərib. Bir az çılğın millətdirlər. Söhbəti xəncərlə çürütmək istəyirdilər (gülür).
Bir dəfə də 19 yaşadək futbolçulardan ibarət komandada işləyirdim. İtaliyadakı turnirdən qayıdırdıq. Əvvəlcə Frankfurta uçduq. Bir neçə saat hava limanında qaldıqdan sonra Bakıya dönməliyik. Komandanın inzibatçısına tapşırdıq ki, bütün futbolçuları say, birdən kimsə qalar. Elə oldu ki, hamımız təyyarəyə mindik. İnzibatçıdan soruşdum ki, uşaqlar hamısı yerindədirmi? Dedi ki, hamısını saymışam, buradadır. Təyyarənin qapıları bağlandı, havaya qalxmaq ərəfəsində inzibatçı ağlaya-ağlaya gəldi ki, mən işimi itirdim, uşağın biri Frankfrutda qaldı. Ağlayır ki, məni işdən çıxaracaqlar. Mən də dedim ki, sən gedib başqa iş tapa biləcəksən, bəs, uşaq itsə, valideynlərinə nə cavab verəcəyik? (gülür). Başımıza çox hadisələr gəlib.
- Həmin uşağın aqibəti necə oldu?
- Pilot aeroportla əlaqə saxladı. Yarım saatdan sonra xəbər gəldi ki, uşaq tapılıb. Oturduğu yerdə mürgüləyib, ona görə də yatıb qalıb. Uşağı növbəti reyslə Bakıya göndərdilər.