Bakı. 14 iyun. REPORT.AZ/ FİFA-nın keçmiş prezidenti Yozef Blatter püşkatmalar zamanı saxtakarlıqlardan danışıb. "Report"un məlumatına görə, isveçrəli sabiq funksioner belə bir halla Avropa səviyyəli püşkatmalarda rastlaşdığını bildirib.
"Kürəciklərin isti və soyuq olması texniki cəhətdən mümkündür. Belə hal FİFA-da olmayıb, amma Avropa səviyyəli yarışlarda görmüşəm. Kürəciklər püşkatma öncəsi soyuducuya salınır. Sonradan xırda toxunuş belə kifayət edir ki, onların qızdırılmış və ya soyuq olduğunu müəyyənləşdirəsən" deyə Y.Blatter vurğulayıb.
Qeyd edək ki, Yozef Blatter 1998 - 2015-ci illərdə FİFA prezidenti olub. O, ötən il qurumun Etika Komitəsinin qərarı ilə tutdutuğu vəzifədən kənarlaşdırılıb. Hazırda FİFA-ya UEFA-nın sabiq baş katibi Canni İnfantino başçılıq edir