"Komandada yaxşı atmosfer var. Millətlər Liqası vasitəsilə lazım olan özünəinamı təmin etmişik".
"Report" "Sport.avaz.ba" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki AVRO-2020-nin seçmə mərhləsinin I turunda evdə Ermənistanla matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis çətin bir oyun gözlədiklərini, lakin üç xal qazanacaqlarına inandıqlarını söyləyib. Prosineçki bildirib ki, seçmə mərhələyə qələbə ilə başlamaq çox vacibdir: "Asan qarşılaşma yoxdur. Qazaxıstanın Şotlandiyaya qalib gəldiyini, Xorvatiyanın Azərbaycanı çətinliklə məğlub etdiyini və qətiliklə asan rəqibin olmadığını gördüm".
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib. Bosniya və Herseqovina yığması xorvatiyalı mütəxəssisin rəhbərliyi ilə Millətlər Liqasında növbəti mərhələyə vəsiqə qazanıb.