Vaqif Cavadov: "Mövsümün sonunda klubla müqaviləm bitsə də, qərar verməmişəm"
- 05 may, 2018
- 18:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 may. REPORT.AZ/ "Məncə, hər iki komanda qalib gəlmək istəyirdi. Hər iki komandanın da qol imkanları oldu. Ancaq bizim şanslarımız daha çox idi. Sadəcə, fürsətlərdən istifadə edə bilmədik".
"Report" xəbər verir ki, bunu "Keşlə"nin futbolçusu Vaqif Cavadov Azərbaycan Premyer Liqasının XXVI turunda "Qəbələ" ilə səfərdə 1:1 hesabıyla heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, qarşılaşmada hər iki komandanın meydanda sonadək mübarizə apardığını əlavə edib: "Meydan əladır. Qəbələdə əsl futbol havası var idi. Komandamızı təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdik. Qarşıdakı matçlara baxırıq".
29 yaşlı yarımmüdafiəçi Azərbaycan kubokunun finalı haqqında da danışıb: "Həmin vaxta hələ çox var. Çempionatda hələ 2 qarşılaşmamız var. Oyundan-oyuna istəyirik ki, qalib gələk, komandanın əhval-ruhiyyəsini pozmayaq, yüksəldək. Deməzdim ki, bu, finalın "repetisiyası" idi. Hər iki komanda oyunlara eyni hazırlaşır. İndi necə hazırlaşdıqsa, Qəbələdəki finala da elə hazırlaşacağıq. Kim güclü olacaq, o da qalib gələcək. Ona görə də hər iki komandaya uğurlar arzulayıram".
V. Cavadov qeyd edib ki, hər iki komanda 90 dəqiqədə açıq futbol oynayıb: "Nə biz heç-heçə istəyirdik, nə də onlar. "Qəbələ"nin mərkəz müdafiəçiləri künc zərbələri zamanı bizim cərimə meydanına gəlmirdisə, bu mənə aid olan məsələ deyil".
Futbolçu finalın Qəbələdə keçirilməsi haqda danışmağa ehtiyac olmadığını söyləyib: "Buna əvvəldən qərar verilib. Hara təyin ediblərsə, orda da oynayacağıq. Finalın Qəbələdə keçirilməsinin rəqib üçün heç bir üstünlüyü yoxdur. Bugünkü matç da "Qəbələ"nin meydanında oldu. Ancaq gördüyünüz kimi, yaxşı oynadıq, qol şansımız çox oldu, xal qazandıq. Harda deyəcəklər, orada da oynayacağıq. Sadəcə, qazona öyrəşmək məsələsi var. Süni örtükdə oynadığımızdan buna öyrəşmişik. Yəqin ki, final qabağı son məşqlərimizi təbii otda keçirəcəyik və hər şey qaydasında olacaq".
Cavadov sonda karyerası barədə danışıb: "Mövsümün sonunda klubla müqaviləm bitsə də, hələ heç nə qərar verməmişəm. Allahın köməyilə finaldan sonra qərar verərik".