“Hələlik komanda olaraq onlayn proqramlar vasitəsilə məşq edirik. Evdə qalmaq çox çətindir”.
Bu fikirləri “Report”a açıqlamasında “Keşlə”nin futbolçusu Con Kamara deyib.
32 yaşlı yarımmüdafiəçi karantin dönəmində İncil kitabını oxuduğunu bildirib. Sierra-Leonedən olan oyunçu çoxlu filmlərə baxdığını sözlərinə əlavə edib: “Karantin vaxtı bütün növ filmlərə baxmışam, əsasən tarixi və sənədli filmlər izləyirəm. Çox yaxşı yemək bişirə bilirəm. Bu, mənim ən xoşladığım hobbimdir. Ən çox düyü və balıq yeyirəm. Restoranda yemək yeməyi xoşlamıram, ev yeməklərinə üstünlük verirəm”.
Kamara valideynlərini itirdiyini və hazırkı dönəmdə onlar üçün çox darıxdığını söyləyib: “Xüsusən də anam üçün çox darıxıram. Ailə üzvlərimdən və qohumlarımdan heç kim hələ virusa yoluxmayıb, bunun üçün Allaha təşəkkür edirəm”.
Orta sahə oyunçusu Premyer Liqanın mayın 23-də bərpa olunacağına da münasibət bildirib: “Çempionatın nə vaxt davam edəcəyini səbrsizliklə gözləyirdik. Yenidən oynamağa başlayacağımız üçün sevinirəm”.
Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılan Azərbaycan Premyer Liqasının mayın 23-də bərpa olunacağı açıqlanıb.