"Hesab yenə 3:2 olsa da, mən belə emosiyaları yaşamaq istəməzdim. 70-ci dəqiqədən sonra rəqibin təşəbbüsü ələ aldığı fikri ilə razılaşmıram. Buraxdığımız qollardan nəticə çıxarmalıyıq".
"Report"un Rumıniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Universitatya"nın baş məşqçisi Korneliu Papure evdə "Səbail"ə qarşı keçirdikləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.
46 yaşlı mütəxəssis bildirib ki, oyundan narazı azarkeşlər səbirsiz olduqları qədər möhtəşəmdirlər:
"Çalışacağıq ki, nəticələri daha da yaxşılaşdıraq və onları məmnun edək".
Papure 2 oyuna 3 qol vuran "Səbail"in hücumçusu Ağabala Ramazanov barədə də fikirlərini bölüşüb:
"O, çox yaxşı oyunçudur, texnikalıdır. Ona çox yaxşı karyera və bol qollar arzulayıram".