Bakı. 22 oktyabr. REPORT.AZ/ "Oyunun əvvəlində rəqib qol imkanları yaratdı. Bu zaman biz mübarizələrdə məğlub olurduq və pis başladıq. Ancaq sonradan biz özümüzə gəldik".
"Report"un məlumatına görə, bunu Almaniyanın "Borussiya" (Dortmund) klubunun baş məşqçisi Tomas Tuxel deyib.
"Qəbələ" ilə Avropa Liqasının qrup mərhələsində keçirilən oyunda 3:1 hesablı qələbə qazanan komandanın baş məşqçisi bunları bildirib:
"Oyundan qalib ayrılacağımıza əmin idik. İstəyirdik ki, qrup liderliyimizi davam etdirək. Oyuna pis başlasaq da, qələbə qazana bildik. Rəqib hesabı açsa idi çətin olardı. Üstəlik azarkeş amilini də nəzərə almaq lazımdır. Favorit olduğun zaman qol buraxanda iş daha da çətinləşir. Bizim "Qəbələ"yə hörmətimiz böyükdür və rəqib çox yaxşı komandadır".
Daha sonra almaniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
Oyunun əvvəlindəki zəif başlanğıcın olması artıq bir neçə oyundur ki, davam edir...
- "Maynts"la qarşılaşmada da belə başladıq. Rəqibin fürsəti olmuşdu, amma bəxtimiz gətirdi və istifadə edə bilmədilər. Bu bir sıra səbəblərdən irəli gəlir. Məsələn, yeni futbolçular olur ki, oynamaq şansı əldə edirlər və səhvlərə yol verirlər. Təbii ki, mən yalnız bununla əlaqələndirmək шыеэьэявшь. Bir məqamı qeyd etmək istərdim ki, çıxış etdiyimiz turnirdən asılı olmayaraq müdafiədə daha diqqətli olmalıyıq.
Məlum səbəblərdən Mxitaryan Bakıya gəlmədi. Qalib olan heyəti dəyişməzlər prinsipinə əsasən, cavab oyununda heyətdə hansı dəyişikliklər olacaq?
- Mxitaryanın oynayacağına əminəm. Bu gün oynayırsansa, yaxşı çıxış etməlisən və bazar günü Bundesliqa oyununda da oynayacaqsan. Yaxşı çıxış etmirsənsə, demək bazar günü oynamayacaqsan.
Komandanın hücum çıxışı yaxşı idi. Obameyanq haqda nə fikirləşirsiniz?
- Əlbəttə o yaxşı futbolçudur. Bizim əsas futbolçularımızdan biri yoxdur. Obameyanq hesabdan asılı olmayaraq yaxşı oynadı. "Borussiya" həmişə qola ac komandadır.
"Qəbələ"nin heyətində kimin oyununu bəyəndiniz və "Qəbələ"də Bundesliqada çıxış edəcək gücdə futbolçu varmı?
- Mən "Qəbələ"nin cəmi 2-3 oyununu izləmişəm. Bu oyunlar əsasında nəsə demək düzgün olmaz. Qapıçısı yaxşıdı və komanda şəklində güclüdürlər. Xüsusilə 10 nömrəli oyunçu yaxşıdır.