Priştina. 19 noyabr. REPORT.AZ/ - Deyəsən, yenə milli komanda ilə səfərə çıxmaq üçün buradasınız. Bir seyid kimi, sizə uğurlar arzulayıram.
- Çox sağ olun. Elə özümüz də ağır seyidlə səfərə çıxırıq.
Bir müddət sonra milli komanda da gəlir, məşqçilər heyəti və futbolçular içəri daxil olurlar. Onlarla yanaşı, səfərə AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, baş katib Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadovla Vaqif Sadıqov da Kosovoya səfərə yollanırlar. Aeroportun monitoruna baxırıq, heç yerdə Priştina sözünə rast gəlinmir. Sadəcə, pasport qeydiyyatı üçün yer ayrılıb, vəssalam. Pasportları isə futbolçuların özlərindən əvvəl oradadır.
Komanda üzvlərinə mətbuata danışmaq qadağası qoyulsa da, əhval-ruhiyyələri yerindədir. Hətta Farer adalarına - daha öncəki səfərə yollandıqlarından da rahat görünürlər. Hamımız təyyarədə yerimizi alırıq. Lakin bu təyyarə AZAL-ın və ya "Buta"nın yox, Bolqarıstanın VİA aviaşirkətinindir. Bütün bunlar Azərbaycanın Kosovonu müstəqil dövlət kimi tanımaması ilə əlaqədardır. Amma nə etməli? Milli komandanın taleyinə Azərbaycan dövlətinin tanımadığı ölkənin yığması ilə UEFA Millətlər Liqasının oyununu keçirmək yazılıb. Özü də hansı oyunu? Yalnız qələbə qazanmağın lazım gəldiyi qarşılaşmanı...
Bu təyyarədə xidmətlər də fərqlidir. Yemək deyərkən, yalnız buterbrod verirlər, su və meyvə şirəsi nə qədər istəsən, problem yoxdur. Yastıq istəsən, gətirib ən kiçik ölçülü balınc verirlər. Doğrudan da getdiyimiz ölkə kimi səfərin özü də adama qeyri-adi gəlir. Özümüz də bizi nələrin gözlədiyini hələ bilmirik...
Təqribən 4 saatlıq uçuşdan sonra Adem Yaşari adına Priştina hava limanına çatırıq. Təyyarə enərkən, sürüşərək, "8" yazır. Amma xoşbəxtlikdən, hər şey yaxşı qurtarır. Demə, bu, qarın yağması ilə əlaqədar imiş. Təyyarədən enib pasport qeydiyyatından keçənədək, türkcə danışan əməkdaşlarla qarşılaşırıq. Qeydiyyat zamanı Kosovo möhürünü vurmağı da lazım bilirlər. Serbiyanın gözündən iraq...
Daha sonra bizi hava limanından tələsik çıxarırlar. Ki, çöldə komandanı özəl mühafizə gözləyir, buranı tərk etmək lazımdır. Otelədək qarlı hava şəraitində yarım saatdan çox yol qət edirik. Belə hava şəraiti milli komanda elə bizim özümüz üçün yaxşı bir şey vəd etməsə də, ertəsi gün fərqli mənzərə ilə qarşılaşırıq.
Artıq səhər vaxtı hər yer əriməyə başlayır. Otelimiz də stadionun 500 metrliyində. Səhər gəzə-gəzə ora yön alırıq. Gözlədiyimizin əksinə, sanki bu torpaqlar uğrunda müharibə getməyib. Priştinanın küçələri və binaları o qədər yeni və səliqəli görünür ki, sanki Kosovo adlanan ölkənin inkişaf üçün hər şeyi var. İlk baxışdan bura binaları, kafeləri və küçələri ilə Türkiyənin istənilən şəhərlərindən birini xatırladır. Ötən gün yağan qardan da əsər-əlamət qalmayıb. Olan-qalanını da küçələrdən süpürüb təmizləyirlər. Buranın qızları da gözəldir. Sanki hamısı gözəllik müsabiqəsinə qatılmaq üçün gəliblər.
Gəzə-gəzə gedib çıxırıq oyunun keçiriləcəyi Fadil Vokrri stadionunun qarşısına. Bu arena da fasadı və tribunaları ilə yeni bir idman qurğusu təsirini bağışlayır. Ot örtüyündə isə bəzi yerlərdə qar izləri gözə çarpır. Hasarlardan içəridə bir neçə şəxs gözümüzə dəyir. Stadion mühafizəçisini çağırıb özümüzü təqdim etdikdən sonra stadionla yaxından tanış olmaq istədiyimizi bildiririk. Hərçənd, oyundan bir gün əvvəl belə bir razılığın veriləcəyinə ümid etmirdik. Ən azı ona görə ki, bu gün hər iki komandanın elə bu stadionda açıq məşqi və mətbuat konfranslarında iştirak imkanımız olacaq. Amma gözlədiyimizin əksinə, razılıqla qayıdır. İçəri keçirik, üstəlik, bizə bir bələdçi də qoşulur. Arenanın səliqəli dəhlizi ilə keçib meydanın özünə daxil oluruq. Stadion əməkdaşı deyir ki, Kosovo Futbol Federasiyasının mərhum prezidentinin adını daşıyan stadion 5 il əvvəl əsaslı təmir olunub. Burada Kosovonun əsas və aşağı yaş qrupları üzrə bütün milli komandaları ilə yanaşı, "Priştina" klubu da ev oyunlarını keçirir. Ötən gün qarın yağmasına baxmayaraq, ot örtüyü ideal vəziyyətdədir. Stadion işçiləri təmizlik işləri ilə məşğuldurlar. Tribunalarından biri qapalı, qalanları açıqdır.
Bələdçimiz deyir ki, Kosovo - Azərbaycan matçında 14 minlik tribunalar tam dolacaq. Oyun zamanı təhlükəsizliyi isə polis, daxili qoşun və stadion mühafizəçiləri təmin edəcəklər. Artıq indidən stadionun otaqları UEFA nümayəndələrinin ixtiyarına verilib.
Arenanı tərk edərək, yaxınlıqdakı ticarət mərkəzinə daxil oluruq. Buradakı əksər mağazalarda Türkiyədə istehsal olunmuş geyimlər satılır. Kosovonun özünün pul vahidi olmadığından, qiymətlər yalnız avro ilədir.
Bunlar Kosovo və onun paytaxtı Priştina barədə ilkin təəssüratlardır. Bu gün mətbuat konfransları, sabah isə oyun var. Təki önəmli matçdan da yalnız xoş təəssüratla - qələbə ilə ayrılaq.